Avarçəkmə Xəzər sularına qayıdır
- 22 Dek 2022 21:11
- 421
Başa çatmaqda olan 2022-ci il Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) üçün bir sıra yeniliklərlə əlamətdar olub. Bu barədə Mingəçevir şəhərindəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan mətbuat konfransında məlumat verilib.
Rekord.az xəbər verir ki, Federasiyanın vitse-prezidenti Fərid Əmirov və baş katib Fərhad Əliyevin iştirakı ilə keçirilən tədbirdə bildirilib ki, 2022-ci ildə avarçəkmə ölkəmizdə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub və bir sıra əlamətdar hadisələrlə yadda qalıb. Sitat: “Böyük fəxr hissi ilə bildiririk ki, işğaldan azad olunan ərazilərdə ilk təlim-məşq toplanışı və ilk beynəlxalq idman yarışı Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən təşkil olunub. Mart ayında Suqovuşan qəsəbəsində keçirilən təlim-məşq prosesində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da iştirakı idmançılarımıza göstərilən qayğının nümunəsidir”.
Bu il Suqovuşan qəsəbəsində və Mingəçevir şəhərində 2 beynəlxalq idman tədbirinin – may ayında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən “Prezident Kuboku” və oktyabrda təşkil olunan, Avropa Kanoe Assosiasiyasının rəsmi təqvim planına daxil edilən “Mingəçevir Reqatası” yarışlarının iştirakçı ölkələrin idmançıları və nümayəndə heyətləri tərəfindən böyük razılıqla qarşılandığını deyən baş katib Fərhad Əliyev bildirib ki, gələn ilki yarışlarda Azərbaycana gələcək komandaların sayında xeyli artım gözlənilir.
İl ərzində idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları nəticələrə gəlincə, Diana Dimçenko sahil avarçəkməsi üzrə Avropa çempionatında qızıl, dünya çempionatında isə gümüş medal əldə edib. Yeri gəlmişkən, AKAF rəsmiləri bu idman növünün Xəzər dənizində inkişaf perspektivləri barədə danışarkən qeyd ediblər ki, bu istiqamətdə konkret addımlar atılmaqdadır və bunun üçün qarşıdakı illərdə beynəlxalq yarışların təşkili məsələsi də müzakirə olunur.
Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdə Mingəçevirdə və paytaxt Bakıda 11 peşəkar avarçəkmə klubunun fəaliyyət göstərdiyini xatırladan baş katib Federasiyanın əsas məqsədinin bu ənənələri bərpa etmək olduğunu bildirib.
Beynəlxalq idman təşkilatları ilə sıx əməkdaşlıq məsələlərinin hər zaman ön planda olduğunu deyən AKAF-ın vitse-prezidenti Fərid Əmirov vurğulayıb ki, AKAF rəhbərliyinin Beynəlxalq Avarçəkmə Federasiyasının prezidenti Jan Kristof Roland və Avropa Kanoe Assosiasiyasının prezidenti Albert Vudsla görüşlərində qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib və ölkəmizdə bu idman növlərinin böyük inkişaf perspektivərinin olduğu xüsusi vurğulanıb.
Avarçəkmə idman növünün ölkəmizdə coğrafiyasının genişləndirilməsi məqsədilə müxtəlif rayonlarda su hövzələrinə baxış keçirildiyini deyən Fərhad Əliyev sentyabr ayında Neftçala rayonundakı Axmaz gölündə təlim-məşq toplanışının keçirildiyini xatırladıb. O bildirib ki, avarçəkməni paytaxt Bakıya qaytarmaq üçün Xəzər dənizində həyata keçirilən sınaq yürüşləri uğurla başa çatıb və uzun illərdən sonra paytaxtda bu idman növünün həvəskarları üçün yeni imkanlar açılacaq – belə ki, dekabrın 24-də Dənizkənarı Bulvar ərazisində “Avarçəkmə Xəzər sularına qayıdır” devizi altında prosesə rəsmən start veriləcək.