Azərbaycan Voleybol Federasiyasının (AVF) İdarə heyətinin geniş iclası keçirilib. "Rekord.az" xəbər verir ki, tədbirdə AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezident Bəhruz Quliyev, baş katib Faiq Orucov, İdarə heyətinin üzvləri, yüksək liqa komandalarının, Regional Voleybol Klublarının rəhbərləri və federasiyanın digər əməkdaşları iştirak ediblər.

Ş.Bağırov iclası açaraq hər kəsi salamlayıb, müzakirəyə çıxarılacaq məsələləri diqqətə çatdırıb. 
Sonra F.Orucov gündəlikdə duran birinci məsələ ilə bağlı ətraflı məlumat verib. Baş katib bildirib ki, bölgələrdə voleybolun inkişafı, aşağı yaş qruplarının yaradılması, gənc qız və oğlanların sağlam həyat tərzinin təmin olunması məqsədilə 8 RVK yaradılıb. Bu gün yüzlərlə yeniyetmə paytaxtda və bölgələrdə voleybolla məşğul olur. Onların gələcəkdə klublarda çıxış etməsi və milli komandalara cəlb olunmasının vacibliyini vurğulan F.Orucov bu məqsədlə RVK-lar və Yüksək Liqada çıxış edən klublar arasında müqavilələr imzalanacağını bildirib. Ardınca klub və RVK rəhbərləri bu məsələ ilə bağlı rəsmi sənədləri imzalayıblar. 
Beləliklə, “Sumqayıt RVK” (qız), “Şərqi Zəngəzur RVK” (qız) “Abşeron VK”nın, “Bakı RVK” (qız, oğlan), “Oğuz RVK” (qız, oğlan), “Sumqayıt RVK” (oğlan) “AZERRAIL VK”nın, “Naxçıvan VF” (oğlan), “Şərqi Zəngəzur RVK” (oğlan), “Tovuz RVK” (qız, oğlan), “Hacıqabul RVK” (qız, oğlan) Murov Az Terminal VK”nın, “Gəncə RVK“ (oğlan) “Neftçi VK”nın,  “Naxçıvan VF” (qız) “Milli Aviasiya Akademiyası VK”nın, “Gəncə RVK” (qız) isə “Gəncə VK”nın nəzarətinə verilib.
Tədbirdə bu layihənin həm klub, həm də RVK-lar üçün böyük əhəmiyyət kəsb etdiyi, həmçinin Azərbaycan voleybolu üçün uğurlu olacağı qeyd olunub. Hər bir kluba və RVK-ya fəaliyyətlərində uğurlar arzu edilib. 
Daha sonra çimərlik voleybolunun rəhbəri Elqar Bağırov çıxış edərək çimərlik voleybolu üzrə milli komandalarımızın təlim-məşq toplanışları, beynəlxalq yarışlarda çıxışları və komandalarımızın hazırkı reytinq xalları ilə bağlı ətraflı məlumat verib. Qeyd edib ki, çimərlik voleybolçularımız CEV reytinq cədvəlində 8-9 pillə irəliləyiblər. Bununla belə yaxın gələcəkdə daha yüksək pillələrdə yer almağın qarşıya məqsəd qoyulduğunu bildirib.
Həmçinin hazırda paytaxtımızda keçirilən çimərlik voleybolu üzrə ölkə çempionatı haqqında ətraflı məlumat verilib. Vurğulanıb ki, iyulun 19-da final oyunları və yarışın bağlanış mərasimi olacaq.
Sonda iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.