AVF hakimlərin seminarını keçirdi
- 21 Noy 2022 10:53
- 455
Azərbaycan Voleybol Federasiyası (AVF) 2022-2023-cü illərdə ölkəmizdə keçiriləcək yarış və turnirlərdə iştirak edəcək hakimlərin seminarını keçirib. "Rekord.az" xəbər verir ki, ilk olaraq AVF-nin Hakimlər komissiyasının sədrinin müavini, beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov və beynəlxalq dərəcəli hakim Zaur Hacıyev seminar iştirakçılarını salamlayaraq onlara qarşıdakı yarışlarda uğurlar arzu ediblər.
E.Zülfüqarov və Z.Hacıyev seminar iştirakçılarına yeni qaydalar haqqında məlumat veriblər və onları maraqlandıran sualları cavablandırıblar. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında baş tutan seminarda 40-a yaxın hakim iştirak edib.
Sonda hakimlər onlar üçün hazırlanmış test imtahanında iştirak ediblər. Testin nəticələrinə uyğun olaraq Hakimlər komissiyası ədalət təmsilçilərinin təyinatını həyata keçirir.
Qeyd edək ki, uzun zamandır ki, ölkəmizdə keçirilən bütün yarışlara hakimlər AVF-nin Hakimlər komisiyyası tərəfindən təyin olunurlar.
Xatırladaq ki, AVF hər il hakimlərin bilik və bacarıqlarını artırmaq üçün seminarlar keçirib. Yaxın zamanlarda belə seminarlar yenidən təşkil olunacaq.