Azərbaycan Voleybol Federasiyası (AVF) yerli məşqçilərin inkişafı istiqamətində daha bir layihəyə start verir. "Rekord.az" xəbər verir ki, AVF bu dəfə məşqçilər üçün 1, 2 və 3-cü dərəcəli kurslar təşkil edəcək.

İlk kurs 9-12 avqust tarixlərində Qəbələ şəhərində baş tutacaq. Burada Oğuz RVK-nın tərkibinə daxil olan şəhər və rayonların məşqçi-müəllimləri iştirak edəcəklər. Kursda nəzəri və praktik dərslər keçiriləcək. Sonda iştirakçılar imtahan verəcək və uğurla keçəcək mütəxəssislər AVF-nin “1-ci dərəcə” sertifikatını alacaqlar. Dərslər FIVB-nin məşqçi-instruktoru, “AZERRAIL”in baş məşqçisi Cengiz Akarçeşme tərəfindən keçiriləcək.

Qeyd edək ki, belə kurslar Bakıda və digər bölgələrdə də təşkil olunacaq. AVF-nin “1-ci dərəcə” sertifikatı almış məşqçi-müəllimlər yerli çempionatlarda məşqçilik edə biləcəklər. Hər üç dərəcəni alacaq mütəxəssislər isə FIVB-nin Level-1 seminarında iştirak etmək hüququ qazanacaqlar.