AVF mətbuat konfransı keçirdi
- 06 Noy 2023 22:30
- 315
Azərbaycan Voleybol Federasiyası (AVF) bu gün 2023/2024 illər mövsümündə ölkə çempionatının rəsmi açılış mərasimindən əvvəl jurnalistlər üçün mətbuat konfransı keçirib. "Rekord.az" xəbər verir ki, “Four Seasons Hotel Baku”da təşkil olunan mətbuat konfransında AVF rəhbərliyi, ölkəmizdə səfərdə olan Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Aleksandar Boriçiç, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev, CEV-in vitse-prezidenti Renato Arena, Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ, Bolqarıstan Voleybol Federasiyasının prezidenti Lyubomir Qanev, federasiyanın digər əməkdaşları və media nümayəndələri iştirak ediblər.
AVF-nin prezidenti Şahin Bağırov iştirakçıları salamlayaraq tədbiri açıq elan edib. O, bu gün Azərbaycan çempionatlarında növbəti mövsümün start götürəcəyini bildirib. Vurğulayıb ki, bir qədər sonra ölkə birinciliyinin rəsmi açılış mərasimi və mövsümün ilk oyunu baş tutacaq. Ş.Bağırov bu gün həmçinin CEV-in və digər federasiyaların rəhbərlikləri ilə iclas keçirildiyini, bir sıra vacib məsələlərin müzakirə olunduğunu qeyd edib. Qonaqlar da öz növbəsində ölkəmizə səfərə gəlməkdən və Azərbaycan çempionatının təntənəli açılış mərasimində iştirak etməkdən məmnun olduqlarını bildiriblər.
Tədbirdə jurnalistlərə Azərbaycan birinciliyinin növbəti mövsümü, eləcə də ölkəmizdə keçiriləcək yarışlar, birgə layihələr və digər tədbirlər haqqında məlumat verilib.
Daha sonra media nümayəndələrinin sualları cavabdırılıb.