Azərbaycan Voleybol Federasiyasının (AVF) 2023-cü ildəki fəaliyyətinə həsr olunmuş mətbuat konfransı və millimizin yeni baş məşqçisinin təqdimat mərasimi keçirilib. "Rekrod.az" xəbər verir ki, bu gün Excelsior Oteldə təşkil olunan konfransda Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezidentlər Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov, İdarə heyətinin üzvləri və media nümayəndələri iştirak ediblər.

İlk olaraq nazir F.Qayıbov çıxış edərək hər kəsi salamlayıb, federasiyaya fəaliyyətində uğurlar arzulayıb.

Sonra çıxış edən AVF prezidenti Ş.Bağırov qadınlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi postuna Faiq Qarayevin təyin olunduğunu bildirib və ona millinin simvolik formasını təqdim edib. Çıxış edən F.Qarayev bu etimada görə, nazirlik və federasiya rəhbərliyinə təşəkkürünü bildirib.

Daha sonra AVF-nin baş katibi Faiq Orucov qurumun 2023-cü ildəki fəaliyyətinə dair hesabatı təqdim edib.

Sonda media nümayəndələrinin sualları cavablandırıb.