Məlum olduğu kimi qadın voleybolçulardan ibarət millimiz gələn il keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Azərbaycan Voleybol Federasiyasının komandamızın seçmə mərhələdəki çıxışı ilə bağlı açıqlama yayıb. "Rekord.az"  federasiyanın mətbuat xidmətinin yaydığı məlumatı təqdim edir:

"Avropa çempionatının təsnifat mərhələsində Sloveniya, Gürcüstan və Avstriya milliləri ilə birgə D qrupunda mübarizə aparmış millimiz 12 xalla qrup ikincisi olub. Oyunlar zamanı komandanın əsas oyunçularından bəzilərinin zədəli olması və gözlənilmədən alınan zədələr komandamızın oyununa təsirsiz qalmayıb. 
Bütün çətinliklərə baxmayaraq qızlarımız ardıcıl 10-cu dəfə Avropa çempionatının final mərhələsinə yüksələ biliblər. 
Bu oyunlar zamanı qalib və ya məğlub olmasından asılı olmayaraq komandamızın yanında olan və onlara dəstək olan hər kəsə təşəkkür edirik. 
Gənclər və İdman nazirliyinə, Milli Olimpiya komitəsinə, ev oyunlarını canlı yayımlayan CBC Sport telekanalına, komandamızı dəstəkləyən azarkeşlərimizə və oyunlarımızı işiqlandıran bütün media nümayəndələrinə təşəkkür edir və inanırıq ki, biz birlikdə daha böyük uğurlara imza atacağıq".