Yeniyetmə və gənc oğlanlardan ibarət milli komandaların baş məşqçisi Cahangir Seyed Abbasi Naxçıvan Muxtar Respublikasında seçimlər aparıb. "Rekord.az" xəbər verir ki, mayın 27-də və 28-də İlham Əliyev adına Olimpiya İdman Kompleksində baş tutan seçimlər çərçivəsində 50-dən çox 2010-2014-cü il təvəllüdlü oğlan üçün C.S.Abbasi tərəfindən məşqlər də keçirilib.

Bu məşqlərdə seçimlərə yeni qatılanlar, eləcə də Naxçıvan Voleybol Federasiyasında məşq edən yeniyetmələr iştirak ediblər. Fərqlənən və müvafiq kriteriyalara cavab verən yeniyetmələr müəyyənləşdirilib. Onlar yaxın vaxtlarda Bakıda keçiriləcək düşərgəyə cəlb olunacaqlar.

Qeyd edək ki, bu seçimlərin aparılmasında məqsəd 2010-2011 və 2012-2013-ci il təvəllüdlü voleybolçulardan ibarət yığma komandaların formalaşdırılmasıdır. Belə seçim xarakterli məşqlər digər bölgələrdə də həyata keçiriləcək.