AVF-nin hakimləri təltif olundular
- 05 İyl 2021 16:00
- 713
Bakıda Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında respublika turnirinin bağlanış mərasimi keçirilib. "Rekord.az" xəbər verir ki, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə əmrinə əsasən və "Təhsil" Respublika İdman Mərkəzinin "Zuğulba" Tədris İdman Bazasında keçirilən turnirin bağlanış mərasimində qalib komandalar və turnirin hakimləri təltif olunub, onlara kubok, hədiyyələr təqdim edilib.
Voleybol yarışlarında oyunları idarə edən Azərbaycan Voleybol Federasiyasının hakimləri Eldar Zülfüqarov, Eldar Əliyev, Rüstəm Cəfərov, Zaur Hacıyev, İftixar Abdullayev ən yaxşı voleybol hakimləri olaraq təltif olunublar.
Qeyd edək ki, 2021-ci ilin may-iyun aylarında Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə əmrinə əsasən keçirilən turnirin məqsədi şəhidlərimizin xatirəsini əbədiləşdirmək, onların xatirəsini yad etmək, yeniyetmələr arasında vətənpərvərlik hissini gücləndirmək, şagirdləri sağlam həyat tərzinə istiqamətləndirmək, onların asudə vaxtının səmərəli təşkil etməkdən ibarət olub.
Turnirin proqramına uyğun olaraq Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bütün rayon və şəhər ümumi təhsil müəssisələrinin şagirdləri mini futbol (13-14 yaş), atletika (13-14 yaş), voleybol (oğlanlar, 14-15 yaş), basketbol (oğlanlar,14-15 yaş) idman növləri üzrə yarışlarda mübarizə aparıblar.
Olimpiya sistemi ilə təşkil olunan, zona və final mərhələsindən ibarət olan yarışlarda qeyd olunan idman növləri üzrə 2500-dək məktəbli iştirak edib.