AVF-nin təşkil etdiyi düşərgə start götürüb
- 14 Avq 2023 18:25
- 352
Bu gün Azərbaycan Voleybol Federasiyasının (AVF) təşkilatçılığı ilə "Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı düşərgəsi"nə start verilib. "Rekord.az" xəbər verir ki, düşərgə yeniyetmə və gənclərdən ibarət milli komandaların rəhbəri Şahin Çatmanın rəhbərliyi ilə Voleybol Mərkəzində təşkil olunub. Ona düşərgə zamanı AVF-nin məşqçiləri köməklik göstərəcək.
Avqustun 18-dək davam edəcək düşərgədə Bakı, Sumqayıt və Xırdalandan seçilmiş 55-ə yaxın 2007, 2008, 2009 və 2010-cu il təvəllüdlü 15 yaşadək voleybolçu qızlar iştirak edirlər. İlk gün iştirakçı uşaqlar və onların valideynləri ilə görüş keçirilib. Görüşdə bildirilib ki, 5 günlük düşərgədə hər yaş qrupuna gündə iki dəfə məşqlər keçiriləcək. Burada uşaqlara voleybolun incəlikləri öyrədiləcək və onların daha yaxşı forma toplaması üçün müxtəlif proqramlar həyata keçiriləcək.
Qeyd edək ki, yeniyetmə voleybolçular bir neçə ay ərzində ölkənin müxtəlif regionlarında keçirilmiş seleksiya məşqlərində müəyyən edilərək seçiliblər. Uşaq voleybolunun inkişafı istiqamətində tədbirlər çərçivəsində baş tutan belə seleksiya məşqləri və düşərgələr mütəmadi keçiriləcək. Bu seçimlərin və düşərgələrin təşkilində əsas məqsəd gənclərdən ibarət milli komandaların formalaşdırılması və beynəlxalq yarışlarda iştirakını təmin etməkdir.