Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti Bəhruz Quliyev Oğuz RVK-nun təlim-məşq toplantısını izləyib. "Rekord.az" xəbər verir ki, Qəbələ Olimpiya İdman Kompleksində keçirilən toplantıya bu regional klubun üç rayonunu (Şəki, Oğuz, Qəbələ) təmsil edən 60-dan çox qız və oğlan idmançı qatılıb.
B.Quliyev təlim-məşq toplantısında çıxış edərək hər kəsi Ramazan Bayramı münasibətilə təbrik edib. Vitse-prezident AVF-nin ölkəmizdə voleybol idman növünün kütləviliyinin artırılması və inkişafı istiqamətində gördüyü işlərdən danışıb, gənc idmançılara tövsiyələrini verib. O, qızlardan və oğlanlardan ibarət komandaların nümunəvi çıxışlarını izləyib, gənc idmançılara uğurlar arzulayıb.