AVF prezidenti Yay Olimpiya Festivalında iştirak edəcək idmançılarla görüşdü
- 18 İyl 2022 22:36
- 453
Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının (AVF) prezidenti Mədət Quliyev Avropa Yeniyetmələrinin 16-cı Yay Olimpiya Festivalında iştirak edəcək velosipedçiləri və Federasiyanın nümayəndə heyətini qəbul edib.
Rekord.az xəbər veirr ki, AVF-nin İcraiyyə Komitəsinin üzvü Vüqar Salahov və milli komandanın baş məşqçisi Asif Həsənov məlumat veriblər ki, Slovakiyanın Banska Bıstritsa şəhərində keçiriləcək festivalda ölkəmizi şose velosipedi üzrə yeniyetmələrdən ibarət milli komandamızın 6 üzvü təmsil edəcək.
Həm fərdi, həm də qrup ötüşməsi növündə mübarizə aparacaq heyətə qızlardan İradə Əbdürəhmanova, Radha Şabanova və Ayan Məmmədzadə, oğlanlardan isə Tural İsrafilov, Ravi Rzayev və Tamerlan Vitovski daxil edilib.
Festivalda idmançılarımız iyulun 26-da fərdi, 28-də isə qrup ötüşməsi növlərində güclərini sınayacaqlar. Fərdi ötüşmə növündə bütün velosipedçilər 8,4 km, qrup ötüşməsi növündə qızlar 57,8 km, oğlanlar isə 65,8 km məsafə qət edəcəklər.
Slovakiyaya ümumilikdə 9 nəfərdən ibarət nümayəndə heyəti yollanacaq.
Federasiya prezidentinə idmançıların yarışa hazırlığı, texniki təminatlarının və təhlükəsizliklərinin tam təmin edilməsi ilə bağlı məruzə edilib.
Mədət Quliyev festivala yollanacaq heyətə müvafiq tövsiyə və tapşırıqlarını verib və onlara uğurlar arzulayıb.
Rəsmi açılışı iyulun 24-də olacaq Avropa Yeniyetmələrinin 16-cı Yay Olimpiya Festivalında 50 ölkədən 4000-ə yaxın idmançı 10 idman növü üzrə mübarizə aparacaq. Azərbaycan idmançıları festivalda velosiped, yüngül atletika, tennis, üzgüçülük, cüdo, badminton və gimnastika idman növlərində təmsil olunacaqlar.