
AVF regional voleybol klublarının nümayəndələri ilə görüş keçirib
- 15 Fev 2025 20:28
- 102
Regional Voleybol Klubların (RVK) nümayəndələri ilə görüş keçirilib. "Rekord.az" xəbər verir ki, GİN-nin Voleybol Mərkəzində təşkil olunan iclasda Azərbaycan Voleybol Federasiyasının (AVF) baş katibi Faiq Orucov, icraçı direktoru Vüqar Hüseynzadə, Maliyə şöbəsinin rəhbəri Sənan Cəfərov, Təlim və aşağı yaş qrupları ilə iş şöbəsinin rəhbəri Cengiz Akarçeşme və RVK-ların rəhbərləri, məşqçiləri və digər şəxslər iştirak ediblər.
Milli komandalara oyunçu yetişdirilməsi istiqamətində işlər çərçivəsində keçirilən ilk iclasda bir sıra məsələlər müzakirə olunub.
İlk olaraq Faiq Orucov hər kəsi salamlayıb. Belə görüşlərin tez-tez keçiriləcəyini söyləyən Orucov bildirib ki, ilk gündən federasiyanın əsas məqsədi güclü milli komandaların formalaşdırılması, yerli idmançıların yetişdirilməsi və digər bu kimi məsələlərdir: “Məhz bu məqsədlə müxtəlif rayon və şəhərləri əhatə edən 8 RVK yaradıldı. Bu RVK-larda çoxlu sayda yeniyetmə qız və oğlan idmançılar məşq keçir, həmçinin bir sıra yarışlar təşkil olunur. İnanırıq bu RVK-lar yaxın zamanda müsbət nəticə verəcəklər”.
Daha sonra Təlim və aşağı yaş qrupları ilə iş şöbəsinin rəhbəri C.Akarçeşmə çıxış edib. O, vurğulayıb ki, AVF-nin inkişaf strategiyası CEV və FIVB tərəfindən dəstəklənir. Təlim və aşağı yaş qrupları ilə iş şöbəsi olaraq bizim də əsas məqsədimiz bütün bölgələrdə çalışan mütəxəssislərə daim dəstək olmaq və milli komandalara gənc perspektivli voleybolçuların yetişdirməsi prosesində yaxından iştirak etməkdir.