Azərbaycan Voleybol Federasiyası (AVF) tərəfindən uşaq və yeniyetmə voleybolçuların müəyyənləşdirilməsi istiqamətində növbəti dəfə seleksiya xarakterli görüş keçirilib. "Rekord.az" xəbər verir ki, yeniyetmə və gənc qızlardan ibarət milli komandaların baş məşqçisi Şahin Çatma və federasiya nümayəndələri 30-31 oktyabr tarixlərində Gəncə şəhərində səfərdə olublar.

Səfər çərçivəsində Şahin Çatma və Gəncə Regional Voleybol Klubunun rəhbərliyi bir neçə orta məktəbdə görüş keçiriblər. Müvafiq kriteriyalara uyğun gələn uşaqlar müəyyənləşdirilib. Seçilmiş uşaqlar Gəncə Regional Voleybol klubunda məşqlərə cəlb olunacaq.

Qeyd edək ki, AVF uşaq və yeniyetmə voleybolçuların müəyyənləşdirilməsi istiqamətində seleksiya işlərini davam etdirəcək.