Qadın voleybolçular arasında Avropa çempionatının ilk finalçısı bəlli oldu. "Rekord.az" xəbər verir ki, qızıl medal uğrunda mübarizə aparmaq şansını qazanan birinci yığma komanda yarışa ev sahibliyi edən Serbiya olub. 

Meydan sahibinin rəqibi isə Türkiyə kollektivi olub. Belqradda baş tutan görüş kifayət qədər gərgin keçib. Elə ilk 3 setdə qalibin 2 xal fərqi ilə müəyyənləşməsi bunun göstəricisidir. İlk hissədə voleybolda gec-gec rast gəlinən hesab qeydə alınıb. Bu seti Türkiyə yığması 34:32 hesabı ilə qalib başa vurub. Növbəti hissədə isə ev sahibləri 28:26 hesablı qələbə ilə ümumi hesabı bərabərləşdiriblər. Gərgin keçən 3-cü seti də serblər aktivlərinə yazdırıblar - 25:23. Ümumi hesabda irəli keçən Serbiya millisi bundan sonra təşəbbüsü tam ələ alıb. Son hissəni 25:13 hesabı ilə qalib başa vuran Serbiya adını finala yazdırıb.

Bununla da Serbiya son üç Avropa çempionatının finalına vəsiqə qazanmış olub. Onu da vurğulayaq ki, serblər son iki - 2017-ci ildə Bakıda və 2019-cu ildə Ankarada baş tutan qitə birinciliyinin qalibi olub.

Avropa çempionatı
Yarım final
   Türkiyə - Serbiya 1:3 (34:32, 26:28, 23:25, 13:25)