AVRO-2023: Millimizin oyun təqvimi bəlli oldu
- 06 Dek 2022 00:25
- 842
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin 2023-cü il 15 avqust - 3 sentyabr tarixlərində keçiriləcək Avropa çempionatındakı oyunlarının təqvimi bəlli olub. "Rekord.az" xəbər verir ki, Almaniyanın ev sahibliyi edəcəyi C qrupunda yer alan komandamız mübarizəyə avqustun 18-də başlayacaq.
Yığmamız AVRO-2023-də ilk oyununu Çexiya kollektivinə qarşı keçirəcək. Voleybolçularımız bir gün sonra ev sahibləri ilə üz-üzə gələcəklər. Qrup mərhələsinin 3-cü turunda millimiz Türkiyə ilə qarşılaşacaq. Yarışın növbəti günündə istirahət edəcək komandamız avqustun 22-də Yunanıstanla münasibətlərinə aydınlıq gətirəcək. Yığmamız avqustun 23-də baş tutacaq qrupdakı son matçında isə İsveçə rəqib olacaq. Qrupumuzda mübarizəyə bir gün sonra yekun vurulacaq.
Qeyd edək ki, 33-cü qitə birinciliyində ümumilikdə 24 yığma mübarizə aparacaq. Komandalar hərəsində 6 kollektiv olmaqla 4 qrupda yarışacaqlar. A qrupuna Belçika, B qrupuna İtaliya, C qrupuna Almaniya, D qrupuna isə Estoniya ev sahibliyi edir. Qruplarda ilk dörd yeri tutacaq kollektivlər növbəti mərhələyə adlayacaqlar. Ardıcıl 10-cu dəfə Avropa çempionatının final mərhələsində iştirak hüququ qazanan millimiz qrupda ilk dörd yerdən birini tutacağı təqdirdə 1/8 finala yüksələcək. Bizim qrupdan çıxacaq komandalar bu mərhələdə A qrupundan gələcək kollektivlərlə yarışacaq. Belə ki, qrup birinciləri digər qrupun dördüncüləri ilə, ikinci yeri tutacaq yığmalar isə üçüncülərlə qarşılaşacaq.
AVRO-2023-də millimizin yer aldığı C qrupunun təqvimi
17 avqust
Yunanıstan - Almaniya
18 avqust
Türkiyə - İsveç
Azərbaycan - Çexiya
19 avqust
İsveç - Yunanıstan
Azərbaycan - Almaniya
20 avqust
Yunanıstan - Çexiya
Türkiyə - Azərbaycan
21 avqust
Çexiya - Türkiyə
Almaniya - İsveç
22 avqust
Azərbaycan - Yunanıstan
Almaniya - Çexiya
23 avqust
İsveç - Azərbaycan
Yunanıstan - Türkiyə
24 avqust
Çexiya - İsveç
Türkiyə - Almaniya