Avrokuboklarda 4-cü matç təxirə salındı - yenə koronavirusa görə
- 21 Avq 2020 00:12
- 663
Avrokubokların yeni mövsümündə daha bir oyun koronavirus pandemiyası səbəbindən təxirə salınıb.
Rekord.az xəbər verir ki, bu gün keçirilməli olan “Tre Penne” (San-Marino) - “Qjilani” (Kosovo) görüşü baş tutmayacaq.
Buna Kosovo təmsilçisində bir futbolçunun koronavirus testinin pozitiv çıxması səbəb olub. Nəticədə UEFA bu qərarı çıxarmağa vadar olub. Hazırda San-Marinoda olan komanda otellərin birində karantinə alınıb. Adı açıqlanmayan futbolçunun virusa yoluxduğu isə San-Marinoda müəyyənləşib.
Bununla da Kosovonun avrokuboklardakı 3-cü komandasında da koronavirus aşkarlandığı üçün oyun keçirilməyib. Çempionlar Liqasının ilkin təsnifat mərhələsinin “Linfild” (Şimali İrlandiya) – “Drita” (Kosovo) qarşılaşması öncəsi yaranmış analoji problemə görə ikincilərə texniki məğlubiyyət verilib. Avropa Liqasının ilk mərhələsinin “Linkoln” (Cəbəllütariq) – “Priştina” (Kosovo) görüşü isə avqustun 22-nə keçirilib və Kosovo təmsilçisinin yalnız B komandasının meydana çıxmasına icazə verilib.
Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində ötən gecə keçirilməli olan “Klaksvik” (Farer adaları) – “Slovan” (Slovakiya) matçı da koronavirusa görə təxirə salınıb. Buna “Slovan”ın bəzi futbolçularında koronavirus aşkarlanması səbəb olub. Amma “Priştina” kimi, “Slovan”a da əvəzedici komanda ilə oynamağa şans verilib. Qarşılaşma bu gün - avqustun 21-də “Klaksvik”in stadionunda keçiriləcək.