Avrokuboklarda ölkəmizin iki klubla iştirak etməsi müzakirə olunub
- 17 Dek 2019 20:02
- 1265
Bu gün Lüksemburqda Avropa Voleybol Konfederasiyasının (CEV) baş qərargahında Qızıl və Gümüş Avropa Liqalarının yeni mövsümü ilə bağlı iclas keçirilib. Görüşdə CEV prezidenti Aleksandr Boriçiç, qurumun təmsilçiləri, bu yarışlarında mübarizə aparacaq 36 komanda və 23 federasiyanın rəsmiləri iştirak ediblər.
İclasda ölkəmiz Azərbaycan Voleybol Federasiyası baş katibi Cəlil Cəfərov və İdman şöbəsinin rəhbəri Elnur Məmmədovla təmsil olunub.
Toplantıda bildirilib ki, “Dördlər finalı”nın mükafat fondu 305 min avro təşkil edəcək və bu vəsaitin 125 mini qalibə çatacaq. Gələn il baş tutacaq Qızıl Avropa Liqasında 12 qadın və 12 kişi, Gümüş Avropa Liqasında isə 6 qadın və 6 kişi komandası mübarizə aparacaq. Bu liqalar müvafiq olaraq, 3 və 2 qrupa bölünüb. Qrup mərhələsində oyunlar ev-səfər prinsipi ilə keçiriləcək.
Qızıl Avropa Liqasında mübarizə aparacaq qadınlardan ibarət milli komandamız C qrupunda qüvvəsini sınayacaq. Yığmamızın rəqibləri Ukrayna, İspaniya və Rumıniya voleybolçuları olacaqlar. Kişilərdən ibarət Azərbaycan yığması isə Gümüş Avropa Liqasına yarışacaq. A qrupunda yer alan milli Finlandiya və Xorvatiya ilə bir qrupda çıxış edəcək.
İclasdan sonra CEV rəhbəri Aleksandr Boriçiç , AVF baş katibi Cəlil Cəfərov və Elnur Məmmədovla görüşüb. Söhbət zamanı ölkəmizdə voleybolun inkişafı üçün görülən işlərdən, Azərbaycan Voleybol Federasiyasının 2020-2024-cü illər üçün hazırladığı inkişaf planı haqqında ətraflı danışıqlar aparılıb. Gələn il avrokuboklarda ölkəmizin 2 klubla iştirak etməsi də müzakirə mövzusu olub.