Futbol üzrə Avropa Liqasında ilkin mərhələnin “Linkoln” (Cəbəllütariq) - “Priştina” (Kosovo) oyunu yenidən baş tutmayıb.

Rekord.az xəbər verir ki, buna qonaq komandada yeni koronavirusa yoluxma faktının aşkarlanması səbəb olub.

Avqustun 18-də baş tutmalı olan qarşılaşma Kosovo təmsilçisinin 8 oyunçusunun testinin pozitiv çıxması səbəbindən bu günə təyin olunmuşdu. Lakin bu gün qonaqların daha bir neçə oyunçusunun virusa yoluxduğu açıqlanıb. Bu səbəbdən UEFA görüşün oynanılmamasına qərar verib.

Qitə futbol qurumu matçın taleyi ilə bağlı hələ yekun qərar verməyib. Ancaq böyük ehtimalla kosovolular texniki məğlubiyyətlə üzləşəcək. Belə olarsa, “Linkoln” 1-ci təsnifat mərhələsində Lüksemburq klubu "Union"a rəqib olacaq. Bu mərhələnin oyunları avqustun 27-də keçiriləcək.