Avropa Liqasında həftənin ən yaxşı oyunçusunun adına aydınlıq gəlib.

Rekord.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu ada “İnter”in hücumçusu Lautaro Martines layiq görülüb.

O, komanda yoldaşı Romelu Lukakunu, “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandesi və “Sevilya”nın qapıçısı Yassin Bununu qabaqlayıb.

22 yaşlı hücumçu bu həftə turnirin yarımfinalında “Şaxtyor”la matçda (5:0) 2 qol və 1 qol ötürməsi ilə yadda qalıb. Argentinalı oyunçu görüşün 19 və 74-cü dəqiqələrində fərqlənməklə və 78-ci dəqiqədə qol ötürməsi verməklə komandasının finala çıxmasında pay sahibi olub.

Qeyd edək ki, “İnter” Avropa Liqasının finalında “Sevilya” ilə qarşılaşacaq. 21 avqustda baş tutacaq həlledici oyuna Bakı vaxtı ilə 23:00-da start veriləcək.