Avropa birinciliyində 2 medal qazanan millimiz Bakıya qayıtdı
- 23 Apr 2022 15:43
- 593
Bolqarıstanın paytaxtı Sofiyada başa çatan gənc boksçular arasında Avropa birinciliyində 1 qızıl və 1 bürünc medal qazanan Azərbaycan yığması Bakıya qayıdıb.
Rekord.az xəbər verir ki, boksçularımızı Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Boks Federasiyasının əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları və bokssevərlər qarşılayıblar. Onlar mükafatçılarımız üçün müxtəlif xoş şüarlar səsləndiriblər.
Milli komandanın baş məşqçisi Elbrus Rzayev yarışın Azərbaycan yığması üçün uğurlu alındığını vurğulayıb. O qeyd edib ki, idmana göstərilən dövlət qayğısı boksçularımızın inamlı çıxışında böyük rol oynayıb: “Yarışa yüksək səviyyədə hazırlaşmışdıq. Bakıda və Ərzurumda iki təlim-məşq toplanışına qatıldıq. Sonuncuda Türkiyə və Əlcəzairlə birgə hazırlıq keçdik. Komanda yarışa psixoloji və texniki-taktiki baxımdan yaxşı vəziyyətdə yollandı. Düzdür, Avropa birinciliyində püşkdə də bir qədər bəxtimiz gətirmədi. Buna baxmayaraq, 40 ölkə arasında milli komanda inamlı çıxış etdi. 13 çəki dərəcəsindən birində Azərbaycan boksçusu Kənan Babayev Avropanın ən güclüsü oldu, qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Amin Məmmədzadə isə bürünc medala sahib oldu. O, 1/4 finalda erməni boksçu üzərində inamlı qələbə qazandı. Digər boksçularımız da lazımı təcrübə topladı və inanıram ki, qarşıdakı yarışda onlar daha yaxşı nəticə göstərəcəklər”.
Çalışdırıcı yığmanın hədəfləri barədə də danışıb. O bildirib ki, bu il əsas məqsəd noyabrda keçiriləcək dünya birinciliyinə daha yaxşı hazırlaşıb, mundailda daha çox medal əldə etməkdir: “Bunun üçün sınaq döyüşləri və təlim-məşq toplanışlarımız olacaq. Bir neçə beynəlxalq turnirə qatılmağı planlaşdırırıq. Dünya birinciliyində daha yaxşı nəticə göstərməyə çalışacağıq”.
Azərbaycan millisi 3 illik fasilədən sonra Avropa birinciliyində qızıl medal qazanıb. Bu mükafatı komandamızın aktivinə yazan Kənan Babayev (48 kq) döyüşlərini şərh edib və bununla kifayətlənmək niyyətində olmadığını açıqlayıb: “Döyüşlərim çox çətin alındı. Avropa birinciliyində zəif boksçuların olmadığını bilirik. Ən çətin görüşüm gürcüstanlı Oruc Əhmədovla keçdi. Final isə rahat idi. Rəqibi əsasən fiziki cəhətdən üstələdim və güclü zərbələr hesabına qalib gəldim. Əsas odur ki, hər şey ürəyim istədiyi kimi alındı və çempion tituluna yiyələndim. Lakin bununla kifayətlənmək fikrində deyiləm. Növbəti hədəfim bizi bu il gözləyən dünya birinciliyində də eyni nailiyyəti təkrarlayıb və ikinci titulumu qazanmaqdır”.
Avropa birinciliyin 51 kq çəki dərəcəsində bürünc medal qazanan Amin Məmmədzadə isə debütdə yiyələndiyi mükafatı növbəti yarışda “qızıl” edəcəyinə inam ifadə edib: “Avropa birinciliyinə ilk dəfə qatılırdım. Birinci qarşılaşmada İrlandiya boksçusu ilə üz-üzə gəldim və onu 5:0 hesabı ilə məğlub etdim. Ardınca Ermənistan təmsilçisi ilə döyüşdüm. Həyəcan çox idi. Çünki üzərimdə məsuliyyət vardı. Bu döyüşdə də inamlı qələbə qazandım. Qələbədən sonra qazilərimizdən məni təbrik edənlər oldu. Hər birinə təşəkkürümü bildirirəm. Yarımfinalda isə gürcüstanlı boksçu ilə qarşılaşdım və rəqib finala yüksəldiyindən bürünc medala yiyələndim. Əsas məqsədim bu mükafatın əyarını yüksəltməkdir. Qarşıda bizi dünya birinciliyi gözləyir. Söz verirəm ki, orda dünya çempionu olacağam”.
Qeyd edək ki, Avropa birinciliyində 40 ölkədən 400-dən çox boksçu qüvvəsini sınayıb. Oğlanların yarışında fəxri kürsüyə 23 komandanın idmançısı yüksəlib və onlardan 8 ölkənin himni səslənib.