Avropa birinciliyinin ilk günündə 3 medal
- 09 Noy 2020 23:00
- 760
Xorvatiyanın Poreç şəhərində 23 yaşlı cüdoçular arasında Avropa birinciliyinə start verilib.
Rekord.az xəbər verir ki, mötəbər yarışın ilk günü Azərbaycan milli komandasının üzvləri üç medal qazanıblar.
Qızların yarışında ölkəmizi təmsil edən Gültac Məmmədəliyeva (52 kq) yalnız finalda uduzaraq qitə birinciliyinin gümüş medalına sahib olub.
Gənc cüdoçularımızdan 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Turan Bayramov bürünc medala layiq görülüb. Turan 3-cü yer uğrunda qarşılaşmada komanda yoldaşı Yaşar Nəcəfova qalib gəlib. 66 kiloqram çəki dərəcəsində yarışan Nurlan Osmanov da Avropa birinciliyinin bürünc medalına sahib olub. Gənc cüdoçumuz bürünc uğrunda görüşdə Finlandiya təmsilçisi Saşa Lukası məğlub edib.
Qeyd edək ki, otuz altı ölkədən 328 idmançının (193 kişi, 135 qadın) yarışdığı mötəbər birincilikdə Azərbaycan millisi 12 cüdoçu (9 kişi, 3 qadın) ilə təmsil olunur.