Avropa çempionatı ilə bağlı toplantı keçirilib
- 27 Fev 2023 21:21
- 579
Avropa çempionatının final mərhələsində iştirak edəcək qadın voleybolçulardan ibarət Azərbaycan millisinin hazırlıq prosesinə dair toplantı keçirilib. "Rekord.az" xəbər verir ki, Voleybol Mərkəzində təşkil olunan tədbirdə Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti Faiq Qarayev yığmamızın hazırda Bakıda olan və ölkə çempionatında çıxış edən üzvləri, milli voleybolçular, məşqçilər, həkimlərlə görüşüb.
Toplantıda voleybolçuların Azərbaycan birinciliyindəki çıxışları və Avropa çempionatına hazırlıq prosesinə dair müzakirələr aparılıb. Çıxış edən Faiq Qarayev bildirib ki, milli komandamızın əksər oyunçuları ölkə xaricində çıxış edirlər. Yığmanın hazırlıq prosesinin başlanmasına az vaxt qaldığını deyən təcrübəli mütəxəssis hazırda burada olan oyunçularımızın fiziki formalarının yüksək səviyyədə olmasının vacibliyini vurğulayıb: “Ölkə xaricində olan qızlarımızla əlaqə saxlayırıq, onların oyunlarını da yaxından izləyirik. Bakıda olan oyunçularımızın da fiziki hazırlığının səviyyəsinin yüksəldilməsinə çalışmalıyıq. Bunun üçün indidən tam heyətlə olmasa da məşqlərə başlamağı düşünürük. May ayında isə qızlarımız hamısı ölkəyə qayıdanda məşqlərimizi daha ciddi keçəcəyik. Hazırlıq prosesi çərçivəsində təlimlər, turnirlər nəzərdə tuturuq. Məqsədimiz millinin üzvlərinin hamısının bir arada toplanacağı vaxt hər kəsin tam oyun formasında olmasıdır. Məşqçilərimiz və voleybolçularımızın üzərinə çox böyük vəzifə düşür. Həkimlərimiz hər zaman oyunçularla maraqlanmalıdır, çəki ilə bağlı problem və digər çətinliklər olmamalıdır. Qızlarımızın həm fiziki, həm də psixoloji cəhətdən güclü olmaları vacibdir”.
Faiq Qarayev oyunçular arasında sağlam rəqabətə də diqqət çəkib: “Oyunçularımız arasında sağlam rəqabət olmalıdır. Hər bir idmançı öz üzərində ciddi çalışmalıdır ki, millinin heyətində əsas 14-lükdə yer ala bilsin. Bütün bu sadalananlar olarsa, Avropa çempionatında uğurlu çıxış edə bilərik. Bu gün əsas məqsədimiz düzgün məşq qrafiki və oyunçuların fiziki hazırlıqlarının artırılmasıdır”.
Daha sonra məşqçilər, həkimlər və voleybolçular komandanın hazırlıq prosesi ilə bağlı öz fikirlərini bölüşüblər.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsi bu il 15 avqust-3 sentyabr tarixlərində Belçika, İtaliya, Almaniya və Estoniyanın birgə ev sahibliyi ilə keçiriləcək. Yığmamızın yer aldığı C qrupuna Almaniya ev sahibliyi edəcək. Komandamızın rəqibləri isə meydan sahibi ilə yanaşı, Çexiya, Türkiyə, Yunanıstan və İsveç olacaq.