Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı start götürüb.

Rekord.az xəbər verir ki, ilk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizə aparıb. 

Əfqan Xaşalov ilk görüşdə yunan rəqibinə vaxtından əvvəl qalib gəlib. Həmyerlimiz daha sonra rumıniyalı güləşçiylə gərgin keçən görüşdə də sevinən tərəf olub və yarımfinala adlayıb. Ancaq finalın bir addımlığında Rusiya təmsilçisiylə bacarmayıb. Xaşalov aprelin 20-də bürünc medal uğrunda görüşdə Belarus idmançısıyla qarşılaşıb. Son saniyələrdə sevimli fəndini uğurla yerinə yetirən Əfqan karyerasında ilk dəfə böyüklər arasında Avropa üçüncüsü olub. Qeyd edək ki, bir neçə ay öncə 2-ci Qarabağ müharibəsində iştirak edən Xaşalov güləş xalçasına qayıtdıqdan sonra ilk nüfuzlu yarışda Avropa çempionatının bürünc medalını qazanıb.

Əli Rəhimzadə startda erməni güləşçini məğlub edib. Gürcüstan təmsilçisini də yolundan kənarlaşdıran Əli adını yarımfinala yazdırıb. Bu mərhələdə Rusiya güləşçisiylə görüş olduqca maraqlı alınıb. Rəhimzadə hesabda 4:0 öndə olsa da, ikinci hissədə təşəbbüsü əldən verib və finala çıxa bilməyib. Ancaq aprelin 20-də ukraynalı güləşçiylə gərgin mübarizə şəraitində keçən qarşılaşmada sevinən tərəf olub. Beləliklə, Əli ardıcıl ikinci dəfə Avropa çempionatının bürünc medalına sahib çıxıb.

Turan Bayramov 1/8 finalda Böyük Britaniya təmsilçisini çətinlik çəkmədən üstələyib. Türkiyə güləşçisi ilə qarşılaşma gərgin mübarizə şəraitində keçib. Bayramov hesabda 3:2 öndə olarkən rəqib zədələndiyi üçün görüş saxlanılıb və həmyerlimiz yarımfinala yüksəlib. Böyüklərin Avropa çempionatında debüt edən Turan ukraynalı rəqibinə də gücünü göstərərək finalda iştirak hüququ qazanıb. Lakin o, həlledici görüşdə məğlub olaraq gümüş medalla kifayətlənməli olub.

Rəşad Yusifli debütdə polşalı həmkarı üzərində inamlı qələbə qazanıb. Rəşad bolqar idmançını da məyus edərək 1/4 finala yüksəlib. Belaruslu həmkarından da güclü olan Yusifli yarımfinala vəsiqə qazanıb. Finalın bir addımlığında Fransa güləşçisinə məğlub olan Rəşad Latviya idmançısına da minimal hesabla uduzaraq medalın bir addımlığında qalıb.

Şamil Zubairov rumıniyalı idmançı xalça üzərinə çıxmadığı üçün növbəti mörhələyə yüksəlib. Ancaq 1/4 finalda türkiyəli rəqibinə uduzub. Rəqib finala yüksəldiyi üçün Zubairov aprelin 20-də təsəlliverici görüşə çıxıb və Moldova təmsilçisi üzərində qələbə qazanaraq bürünc medala iddiasını davam etdirib. Ancaq həlledici qarşılaşmada təcrübəli gürcü rəqibinə uduzub.

57 kq
1/8 final: Əfqan Xaşalov – Yannis Martidis (Yunanıstan) 10:0
1/4 final: Əfqan Xaşalov - Razvan Kovaçs (Rumıniya) *3:3
1/2 final: Əfqan Xaşalov - Naçın Monquş (Rusiya) 0:2
Bürünc medal görüşü: Əfqan Xaşalov - Aryan Tsiutrin (Belarus) *2:2

65 kq
1/8 final: Əli Rəhimzadə - Gevorq Tadevosyan (Ermənistan) 2:1
1/4 final: Əli Rəhimzadə - Şmaqi Todua (Gürcüstan) 9:4
1/2 final: Əli Rəhimzadə - Zaqir Şaxiyev (Rusiya) 5:8
Bürünc medal görüşü: Əli Rəhimzadə - Andrey Svirid (Ukrayna) 3:2

70 kq
1/8 final: Turan Bayramov – Nikolae Koyokaru (Böyük Britaniya) 10:0
1/4 final: Turan Bayramov - Haydar Yavuz (Türkiyə) 3:2 (rəqib zədələnib)
1/2 final: Turan Bayramov - İqor Nikiforuk (Ukrayna) 5:0
FİNAL: Turan Bayramov - İsrail Kasumov (Rusiya) 1:3

79 kq
1/16 final: Rəşad Yusifli – Andrey Sokalski (Polşa) 9:0
1/8 final: Rəşad Yusifli - Oktay Hasan (Bolqarıstan) 3:0
1/4 final: Rəşad Yusifli - Andrey Karpaç (Belarus) 7:4
1/2 final: Rəşad Yusifli - Sayfedin Alexma (Fransa) 1:6
Bürünc medal görüşü: Rəşad Yusifli - Alans Amirovs (Latviya) 3:4

97 kq
1/8 final: Şamil Zubairov – Albert Saritov (Rumıniya) +:-
1/4 final: Şamil Zubairov - Süleyman Karadeniz (Türkiyə) 4:6
Təsəlliverici görüş: Şamil Zubairov - Radu Lefter (Moldova) 14:9
Bürünc medal görüşü: Şamil Zubairov - Elizbar Odikadze (Gürcüstan) 0:5