“Avropa çempionatına ciddi hazırlaşırıq” – Millimizin üzvü
- 29 İyl 2023 13:00
- 325
“Avropa çempionatına az vaxt qalıb və biz ciddi şəkildə hazırlığa davam edirik”.
Rekord.az xəbər verir ki, bunu Azərbaycan millisinin voleybolçusu Kristina Besman federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
27 yaşlı oyunqurucu bildirib ki, qrupdan çıxmaq üçün əllərindən gələni edəcəklər: "Turnir öncəsi toplarla yanaşı, fiziki və taktiki məşqlərimizi də tam ciddi şəkildə davam etdiririk. Meydanda bir-birimizlə daha yaxşı anlaşmaq üçün fərqli taktikalar üzərində çalışırıq".
Bosniya və Herseqovinada üç yoldaşlıq matçı keçirdiklərini xatırladan Besmanın sözlərinə görə, bu oyunlar hazırlıq prosesində daha çox nələrə diqqət ayırmalı olduqlarını göstərib: "Məşqlərdə bunlar üzərində çalışmaq üçün qısa vaxtımız var. Hazırda Bakıdayıq və burada da yoldaşlıq oyunlarımız olacaq. Bu qarşılaşmalarda həmin çalışmaların nə dərəcədə yaxşı alındığını da yoxlaya biləcəyik".
Qeyd edək ki, Avropa çempionatına avqustun 15-dən sentyabrın 3-dək Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edəcək. Azərbaycan millisi Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə birlikdə C qrupunda mübarizə aparacaq.