Avropa çempionu olan sərbəst güləş millimiz Bakıya döndü
- 01 Apr 2022 15:00
- 528
Macarıstanda keçirilən Avropa çempionatında uğurlu çıxış edən sərbəst güləş üzrə millimiz bu gün vətənə qayıdıb.
Rekord.az xəbər verir ki, Budapeştdə baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında 1 qızıl, 4 gümüş və 2 bürünc medalla komanda hesabında Avropa çempionu olan yığmamızı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin və Güləş Federasiyasının rəsmiləri, məşqçilər, idmançılar və milli üzvlərinin yaxınları qarşılayıb.
Brifinqdə çıxış edən baş məşqçi Namiq Abdullayev bunları deyib:
“Bu qələbə münasibətilə xalqımızı, cənab prezident İlham Əliyevi və 1-ci vitse-prezident Mehriban Əliyevanı, Milli Olimpiya Komitəsini, Gənclər və İdman Nazirliyini və Güləş Federasiyasını təbrik edirəm. Bir neçə gün bundan əvvəl U-23 Avropa çempionatında da komanda hesabında çempion olmuşduq. Həmin yarışdan sonra cənab prezident bütün heyəti qəbul etdi. Təbriklərini çatdırdı, tövsiyələrini verdi. Əlbəttə, bu idmançılar üçün böyük stimul oldu. Onun diqqət və qayğısını daim hiss edirik.
Bu yarışda da heyətdə gənc güləşçilər yer almışdı. Bolqarıstanda medal qazanan idmançılardan Zirəddin Bayramov, Əşrəf Aşırov və Aydın Əhmədov böyüklərin qitə birinciliyində də iştirak etdi. Zirəddini bu dəfə çempion olduğu 65 kq-da yox, 70 kq-da sınadıq. Zədəsi və hakimlərin qeyri-obyektivliyi onu medalsız qoydu. Əşrəf gümüş medal qazandı. Hətta çempion da ola bilərdi. Aydın da bir mərhələ keçməklə komandanın hesabına xallar yazdı.
Əlbəttə, 4 finalçımızdan qızıl medal gözləyirdik. Əliabbas Rzazadənin (57 kq) final görüşündə də hakim səhvi oldu. Hacı Əliyev (65 kq) toplanışlara bir qədər gec qoşuldu. Ona görə də pik formada deyildi. Maqomedxan Maqomedov (97 kq) ilk dəfə Avropa çempionatında ölkəmizi təmsil edirdi. Bütün görüşləri inamla keçirdi. Təcrübəli güləşçilərə qalib gəldi və gələcək adına ümid verdi.
Göstərdiyi diqqət və qayğıya görə Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarova, daim yanımızda olan və bizə dəstək verən vitse-prezident, Dünya Güləş Birliyinin Büro üzvü Namiq Əliyevə təşəkkürümü bildirirəm. Böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin də böyük zəhməti var. Təbii ki, yeniyetmə və gənclərdən ibarət yığmalarımızın məşqçilərinin əməyini də unutmaq olmaz. Təlim-məşq toplanışlarında, yarışlara hazırlaşarkən vahid bir komanda kimi işləyirik. Qarşıda bizi İslam Həmrəyliyi Oyunları və dünya çempionatı gözləyir. Ona qədər İtaliyada keçiriləcək reytinq turnirində də əsas heyət üzvlərinin iştirakı nəzərdə tutulub. Bu yarışlara hazırlıq məqsədilə müxtəlif yerlərdə təlim-məşq toplanışarı keçməyi planlaşdırırıq”.
Avropa çempionu Maqomedxan Maqomedovun (97 kq) fikirləri belə olub:
“Sözsüz ki, çempion olduğum üçün çox sevinirəm. Bu nəticəni qazanmağımda əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. Göstərdiyi diqqət və qayğıya görə federasiya rəhbərliyinə və bizi bu yarışa yüksək səviyyədə hazırlaşdıran yığma komandanın məşqçilərinə minnətdaram”.
Avropa çempionatını gümüş medalla başa vuran Hacı Əliyev (65 kq) bunları deyib:
“İlk növbədə bu gözəl qələbə münasibətilə xalqımızı təbrik edirəm. Həqiqətən uşaqlarımız çox yaxşı güləşdilər. Olimpiadadan sonra bir neçə ay fasilə götürdüm. İstirahəti başa vurduqdan sonra düşündüm ki, cəmi 2 ildən sonra növbəti Olimpiya Oyunlarıdır və Paris-2024-də iştirak edə bilərəm. Artıq gələn il ilk lisenziya yarışı olacaq. AÇ öncəsi millinin sonuncu təlim-məşq toplanışında iştirak etdim. 4-cü dəfə Avropa çempionu olmaq istəyirdim. Ancaq tam hazır deyildim. Şükür Allaha, yenə də medalsız gəlmədim. Yaxşı nəticə göstərdim. Hədəfim Olimpiya çempionu olmaqdır. İnşallah, Parisdə qızıl medal qazanaram. AÇ-nin finalında qarşılaşdığım İsmayıl Musukayev yaxşı rəqibdir. İlk hissədə ayağım ilişdi və “xaç” fəndinə görə rəqib 6 xal qazandı. Özümdən asılı olmadan bu vəziyyətə düşdüm. Onun məndən güclü və məğlubedilməz olduğunu düşünmürəm. Sadəcə, bu dəfə görüş alınmadı. Bu, Olimpiadadan sonra ilk yarışım idi. Məndən fərqli, digər komanda yoldaşlarımın yarış təcrübəsi var idi. Bu da finalda rol oynadı.
Maqomedxan güclü güləşçidir. Üzərində çalışsa, olimpiya çempionu ola bilər. Ancaq tək o yox, başqa olimpiya çempionu ola biləcək güləşçilərimiz də var. Heyətimizdə məndən başqa hamısı gəncdir. Avropa çempionatındakı qələbə Paris-2024-də bizi yaxşı nəticələrin gözlədiyini göstərir”.