Avropa çempionu olan yığmamız Bakıya qayıtdı
- 30 İyn 2023 19:00
- 355
-20 Avropa çempionatında uğurlu çıxış edən yunan-Roma güləşi üzrə Azərbaycan millisi vətənə qayıdıb.
Rekord.az xəbər verir ki, İspaniyada tarixi uğura imza ataraq 2 qızıl, 2 gümüş və 2 bürünc medal əldə edən və 144 xalla komanda hesabında Avropa çempionu olan yığmanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının rəsmiləri, məşqçilər, idmançılar, güləşçilərin ailə üzvləri qarşılayıb.
Nurəddin Rəcəbov, millinin böyük məşqçisi: “İlk dəfə gənclər arasında komanda hesabında Avropa çempionu olduq. Bu uğurda payı olan hər kəsi təbrik edirəm. Təbii ki, daha yaxşı nəticə qazana bilərdik. Bəzi çəkilərdə məyus olduq. Əsas odur ki, bu yarışda 3 dəfə - iki fərdi qızıla və komanda olaraq çempionluq əldə etdiyimiz üçün himnimiz səsləndi. Federasiya rəhbərliyinə minnətdarlığımı bildirirəm. Qazaxıstanda yüksək səviyyədə təlim-məşq toplanışı keçdik. Avropa komandalarıyla birgə hazırlıq keçəndə rəqib olduqları üçün bütün güclə məşq etmək olmur. Bu baxımdan Asiya ölkəsini seçdik və bunun da faydasını gördük. Heyətimiz yenidən qurulsa da, məşqçilərlə birgə fəaliyyət nəticəsində belə uğur qazana bildik. Potensiallı idmançılarımız çoxdur. İnanıram ki, bu uşaqlar arasından olimpiya medalçıları da çıxacaq. Dünya çempionatına qədər 2 toplanış – fiziki və taktiki-texniki hazırlıq prosesi nəzərdə tutulub. Bir çox komandalar bizimlə birgə təlim-məşq prosesi keçmək istəyir. Bu barədə fikirləşəcəyik”.
Elmir Əliyev, Avropa çempionu: “Daha öncə 60 kq-da güləşirdim. Məşqçilərimizlə məsləhətləşdim, 55 kq-da daha yaxşı çıxış edəcəyimi dedilər. Bu çəkidə daha rahat güləşdim. Çempionluq duyğusunu yaşayan bilər. Çox gözəldir. Xüsusən yarımfinalda erməni güləşçiyə qalib gəlməyim sevindirici oldu. Bir az gərginlik var idi. Ancaq yüksək səviyyədə hazırlıq keçməyimiz öz sözünü dedi. Dünya çempionatında daha güclü rəqiblərlə qarşılaşacağam. Federasiya rəhbərliyinə təşəkkür edirəm. Qələbəmi valideynimə və məşqçilərimizə həsr edirəm”.
Ruslan Nurullayev, Avropa çempionu: “İlk öncə üstümüzdə əziyyəti olan hər kəsə dərin təşəkkürümü bildirirəm. Federasiyanın dəstəyi, məşqçilərimizin rəhbərliyi altında yüksək səviyyədə təlim-məşq toplanışları keçdik. Avropa çempionatına ən yaxşı hazırlaşan komanda biz idik və bunu da sübut etdik. İnşallah, dünya çempionatında qələbənin davamını gətirərik. Yarımfinalda Avropa və dünya mükafatçısı olmuş Ukrayna idmançısıyla ağır görüş keçirdim. Mənim üçün əsl final həmin qarşılaşma oldu. Son görüşdə macar güləşçi çətin rəqib olmasa da, finala məsuliyyətlə yanaşırdım. Ehtiyatı qorumaq lazım idi. Himnimizi səsləndirmək bütün idmançıların arzusudur. Atam məni zirvələrdə görməyi arzulayırdı. Ümid edirəm ki, məni görür və ruhu şad olur”.
Xatırladaq ki, AÇ-də Elmir Əliyevlə (55 kq) Ruslan Nurullayev (72 kq) qızıl, Davud Məmmədov (77 kq) və Məzaim Mərdanov (130 kq) gümüş, Fəraim Mustafayevlə (63 kq) Kənan Abdullazadə (67 kq) isə bürünc medal qazanıb.