Avropa Liqasında final günü
- 21 Avq 2020 16:21
- 597
Bu gün Avropa Liqasında 2019-2020 mövsümünə yekun vurulacaq.
Rekord.az xəbər verir ki, koronavirus pandemiyasına görə mart ayından dayandırılan və bu ay yenidən bərpa olunan turnirin final oyununda Avroliqanın rekord sayda – beşqat qalibi “Sevilya” Milan “İnter”i ilə qarşılaşacaq.
Bu mövsüm yarışa "Qarabağ"ın da yer aldığı A qrupunda başlayan "Sevilya" 1/16 finalda ÇFR (Rumıniya), 1/8 finalda "Roma" (İtaliya), 1/4 finalda "Vulverhempton" (İngiltərə) və yarımfinalda "Mançester Yunayted"i (İngiltərə) mübarizədən kənarlaşdırıb.
Mübarizəyə Çempionlar Liqasından qoşulan "İnter" isə "Barselona" (İspaniya), "Borussiya" (Dortmund, Almaniya) və "Slaviya" (Praqa, Çexiya) ilə birlikdə mübarizə apardığı F qrupunu 3-cü pillədə tamamlayaraq Avropa Liqasına düşüb. Antonio Kontenin komandası 1/16 finalda "Ludoqorets" (Bolqarıstan), 1/8 finalda "Xetafe" (İspaniya), 1/4 finalda "Bayer" (Almaniya) və yarımfinalda Ukrayna "Şaxtyor"unu məğlub edib.
21 avqust
Avropa Liqası
Final
23:00. "Sevilya" (İspaniya) - "İnter" (İtaliya)
Baş hakim: Denni Makkeli
Almaniya, Köln. "Reyn Energi" stadionu.