Avropa Oyunları: Boksçulardan iki qələbə, bir məğlubiyyət
- 25 İyn 2023 19:30
- 342
Polşada keçirilən 3-cü Avropa Oyunlarında boksçuların mübarizəsi davam edir.
Rekord.az xəbər verir ki, bu gün Azərbaycan millisinin heyətində ilk olaraq rinqə Malik Həsənov (63,5 kq) çıxıb.
Birinci döyüşündə polşalı Bartlomey Roskoviçə qalib gələn idmançı 1/8 finalda Din Klinsi (İrlandiya) ilə qüvvəsini sınayıb. Görüş rəqibin 3:2 (29:28, 29:28, 28:29, 28:29, 29:28) qələbəsi ilə başa çatıb.
71 kq çəkidə qüvvəsini sınayan yığmamızın digər üzvü Sərxan Əliyev 1/16 final çərçivəsində Mixal Takacslə (Slovakiya) üz-üzə gəlib. Döyüş Əliyevin qələbəsi ilə başa çatıb. Hər 3 raundu aktivinə yazan dünya çempionatının mükafatçısı yekunda 5:0 (30:27, 29:28, 30:27, 29:28, 29:28) hesabı ilə qələbə qazanıb.
O, 1/8 finalda latviyalı Martins Blumentalsla döyüşəcək. Görüş iyunun 27-də olacaq.
Azərbaycanın daha bir boksçusu - Məhəmməd Abdullayev də Avropa Oyunlarına qələbə ilə başlayıb. +92 kq çəkidə mübarizə aparan dünya çempionatının mükafatçısı 1/16 finalda Uğur Aydemirlə (Türkiyə) qarşılaşıb. Döyüşdə ilk raundu rəqib qazansa da, Abdullayev növbəti hissədən təşəbbüsü ələ alıb. İkinci raundda üstün olan boksçumuz üçüncü hissədə vaxtından əvvəl tam üstünlüklə qalib gəlib.
O, 1/8 finalda ilk mərhələdən azad olan gürcüstanlı Nikolos Beqadze ilə döyüşəcək. Görüş iyunun 27-də olacaq.