İngiltərənin 6 klubunun Avropa Super Liqasından ayrılmasından sonra turnirin ümumiyyətlə dayandırılmasına qərar verilib.

Rekord.az xəbər verir ki, bu barədə “Associated Press” nəşri sözügedən təşkilata istinadən xəbər yayıb.

Xəbərdə Avropa Super Liqası layihəsinin daha sonra təkrar nəzərdən keçiriləcəyi diqqətə çatdırılıb: “Mövcud şərtləri nəzərə alaraq, layihəni dəyişdirmək üçün ən uyğun addımları yenidən nəzərdən keçirməliyik. İngiltərə klublarının təzyiq altında etdikləri açıqlamalarına baxmayaraq, təklifimizin Avropa qanunvericiliyi və qaydalarına tam uyğun olmasına əminik”.

Yeri gəlmişkən, UEFA prezidenti Aleksander Çeferin İngiltərə təmsilçilərinin Avropa Super Liqasından imtina etmələrindən danışıb. Sloveniyalı funksioner klubların avrokubok yarışlarına geri döndüyünü bildirib:

“Səhvi etiraf etmək heyranedicidir və klublar böyük səhvə yol verdilər. Bilirəm ki, onlar yalnız turnirlərimizə deyil, bütün Avropa futboluna çox şey verə bilər”.

Qeyd edək ki, İngiltərənin "Arsenal", "Liverpul", "Mançester Siti", "Mançester Yunayted", "Tottenhem" və "Çelsi" komandaları Super Liqadan çıxdıqlarını elan ediblər. Tezliklə İtaliyanın "Milan" və "İnter" klublarının da Super Liqanı tərk etməsini rəsmən açıqlaması gözlənilir.