Niderlandın “Ayaks” klubu UEFA Çempionlar Liqasının 2020/21 mövsümündə mübarizəyə birbaşa qrup mərhələsindən başlayacaq.

Rekord.az xəbər verir ki, bu, Almaniya çempionu "Bavariya"nın Çempionlar Liqasının yarımfinalında Fransanın “Olimpik” (Lion) klubunu məğlub etməsi (3:0) sayəsində gerçəkləşib. 

Münhen təmsilçisi turnirin finalında Fransanın digər klubu PSJ ilə avqustun 23-də üz-üzə gələcək. Çempionlar Liqasını qazanmaq, gələn mövsüm üçün turnirin qrup mərhələsində oynamaq üçün zəmanət verir. Lakin hər iki finalçı daxili çempionatın qalibi olub və qrup mərhələsindəki yerlərini öncədən təmin edib. 

Bu səbəbdən UEFA reytinqində 11-ci olan Niderland təmsilçisi "Ayaks" qitənin bir nömrəli klub turnirinin qrup mərhələsində iştirak hüququna yiyələnib. 

Daha əvvəl Amsterdam təmsilçisi pley-off mərhələsində mübarizəyə başlamalı idi.