Azərbaycan futbolunda xanım məşqçilərin sayı o qədər də çox deyil. Bunlardan biri də uşaq futbolunda çalışan, "Məhəllə uşaqları" komandasının məşqçisi Aybəniz Əsgərzadıdir. Rekord.az olaraq, bu xanım məşqçi ilə söhbətləşib onunla sizləri də yaxından tanış etmək qərarına gəldik:


- Başlayaq tanışlıqdan...

- 1991-ci ildə Sumqayıtda anadan olmuşam. Məşqçiliyə ilk dəfə 2011-ci ildə "Sumqayıt"ın qızlardan ibarət komandasında başlamışam. Təklif də elə öz məşqçimizdən gəldi. O gündən bu günə kimi, həm qızlardan, həm də oğlanlardan ibarət komandalarda məşqçi kimi çalışıram. 

- Bir xanım məşqçi üçün uşaq futbolunda işləmək nə dərəcədə çətindi?

- Bəli, bir xanım üçün uşaq futbolunda işləmək çətindir. Uşaqların nazı ilə oynamaq, uşaqlarla dil tapmaq, onların kaprizlərinə dözmək böyüklərlə müqayisədə daha çətindir.

- Bir məşqçi olaraq, arzunuz, qarşınıza qoyduğunuz hədəf nədir?

- Əsas hədəfim futbolumuz üçün bacarıqlı, yaxşı futbolçular hazırlamaqdır. Hansı ki, gələcəkdə həm klublarımızda, həm də millimizdə forma geyinsinlər. Ən böyük arzum isə uşaq futbolunda ad qoymaqdı. 

- Hazırda "Məhəllə uşaqları" komandasında çalışırsınız. Buradakı işinizdən nə dərəcədə razısınız, bu komandanın perspektivini necə görürsünüz?

- Bəli, "Məhəllə uşaqları"nda çalışıram və işimdən də çox razıyam. Komandanın perspektivini çox yaxşı görürəm. Bu komandada elə uşaqlar var ki, gələcəkdə Azərbaycanın güclü klublarında oynayacaq potensiala sahibdilər.

- Sizcə, bir məşqçinin futbolda uğur qazanması üçün ilk növbədə nə lazımdır?

- Mənim fikirimcə, futbolda ali təhsilin olması çox vacibdir. Uşaq futbolunda təməlin düzgün qoyulması mütləqdi. Bunun üçün məşqçinin savadlı olması şərtdir. Məşqçi savadlı olmalıdır ki, uşağa da nə isə öyrədib onu düzgün istiqamətləndirə bilsin. Fərqi yoxdur, kişi məşqçisi olsun, yaxud qadın. Bundan başqa, bir məşqçi üçün nizam-intizam da çox önəmlidir. Nizam-intizam uğurun yarısıdır.