Arzu Mirzəyevin uzun fasilədən sonra Azərbaycanın hüdudlarını tərk etməsində vaxtilə “Neftçi”də və yığmamızda masajçı kimi çalışan, hazırda isə Birləşmiş Ərəb Əmirliklərində işləyən Faiq Hüseynovun əməyi böyükdü.

 

Rekord.az xəbər verir ki, o, futbol veteranını ən əziz qonaq kimi qarşılayıb, qonaqpərvərliyini əsirgəməyib.

 

Mirzəyevin vəfatından sonra  Faiq bəylə əlaqə saxlayıb, həmin səfəri xatırlamasını istədik: “Gəncədən olan Nofəl Əzizovla münasibətlərim var. O vaxtilə “Neftçi”də inzibatçı kimi çalışıb, birlikdə işləmişik. Onunla söhbət əsnasında gəncəli futbol veteranlarının hazırda nə işlə məşğul olduğunu öyrənirdim. Sonra Fazil Pərvərovla da danışdım, ondan Arzunun nömrəsini götürdüm. Arzu “Turan”da oynadığı dövrdən sonra onunla görüşə bilməmişdim. Yeni il günlərində zəng etdim ki, həm bayramı, həm də doğum gününü təbrik edim. Axı Arzu dünyaya yanvarın 1-də gəlmişdi. Telefon danışığımızda Arzuya mən 1987-ci ildə “Neftçi”də işə başlayarkən çox yaxşı münasibət göstərdiyini xatırlatdım. Arzunun “vatsap”ı yox idi, Füzuli Allahverdiyevdən xahiş etdim ki, Mirzəyevə viza açdırmaq üçün onun pasportunun surətini mənə göndərsin. Aydın oldu ki, Arzunun xarici pasportu da yoxdu. Ancaq dostlar pasport almaqda yardım etdi və surətini də mənə göndərdilər. Bu məsələ həll olunanda hardasa yanvarın sonları idi. Viza açdırdım və fevralın 14-nə Arzu üçün bilet aldım. Fevralın 17-də mənim çalışdığım “Şabab Əl-Əhli” Asiya Çempionlar Liqası çərçivəsində Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna qarşı oynayacaqdı. O, Dubaya gəldi, qarşıladım, şəhəri gəzdik, Bürc Xəlifəyə baxdıq. Həmin vaxt sağlıq durumu ilə bağlı hansısa problem hiss etmədim. Daim “vatsap”ı olan dostları vasitəsi ilə mənə səs göndərirdi ki, Gəncədə yolumu gözləyir. Arzuya Bakıya fevralın 22-də uçdu. Ancaq o gedənə qədər vaxtilə birgə oynadığı Jidkov, Fedorovski, Pançik və Ponormaryov ilə də əlaqə saxladıq. Maşallaya, Ağarzaya zəng etdik. 80-ci illərin “Neftçi”si ilə bağlı xatırlanası çox şey var idi. Arzuya klubumuzun formasını bağışladım və dedim ki, iyunda yolumu gözlə. Ancaq koronavirus pandemiyası araya girdi, bütün reyslər ləğv olundu. Sonra mənim işim başladı. O, yolumu həvəslə gözləyirdi. Ötən gün aldığım xəbər məni, sadəcə, şoka saldı. Sözüm yoxdu. Uzun müddət görüşmədik və belə tez ayrıldıq...” ("Futbol plus" qəzeti)