"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində "Sabah"a qarşı keçirdikləri oyunu şərh edib.

Rekord.az xəbər verir ki, o, 2:0 hesabıyla qələbə qazandıqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

- Azarkeşlərimizə təşəkkür edirəm. Möhtəşəm idilər. Belə atmosfer üçün darıxmışdıq. Bütün komandanı təbrik edirəm, meydançada yaxşı kollektiv gördüm. Rəqibin baş məşqçisinə uğurlar arzu edirəm. Onlara vaxt lazımdır. "Sabah"ın qələbə üçün oynayacağını bilirdik. Komandamızı bu oyuna hazırlaya bildik, yaxşı qələbə idi. Qarşımızda uzun marafon var. İnanıram ki, çatışmazlıqları aradan qaldırıb, yolumuza davam edəcəyik.

- Rəhim Sadıxov son iki oyunda yaxşı performans sərgiləyir. Belə çıxışının səbəbi nədədir? 
- Rəhimi bura böyük ümidlərlə gətirmişik. Düşünürəm ki, milli komandanın da aparıcı futbolçusuna çevriləcək. Onun üçün vaxt lazımdır. Bu gün tək Rəhim deyil, başqa önəmli futbolçularımız var. Rəhimlə dünən danışdım və ona Azərbaycan futbolunun önəmli simalarından biri olacağını dedim.

- Fasiləyə lider olaraq yollanırsız. Fasilədən sonra da sıranızı qorumaq üçün nə etmək lazımdır?
- Bu iki qələbə bizi aldatmamalıdır. Düzdür, bizdən futbolçular gedib, digər komandalar kimi çox transfer edə bilməmişik. Biz öz oyunçularımızı saxlamağı bacardıq. Biz lider də ola bilərik, sonuncu da, beşinci də. Bu, bizi həvəsdən salmamalıdır.

- Heyətdə dəyişikliklər var idi. Bu, nəyə hesablanmışdı?
- Görürsüz ki, iki oyun arasında heyət baxımından dəyişiklik var. Deməli, komandada rəqabət var. Telluru həm solda, həm də sağda oynada bilərik. Bu gün sağ cinahda yaxşı çıxış etdi. Yusif ötən mövsüm az oynayıb. Onda da özünə inam yaratmaq istəyirik.

- Səbuhi Abdullazadə limitə görə əsas heyətdə oynayır, yoxsa istədiyiniz üçün?
- Səbuhi ilk matçda dayaq yarımmüdafiəçisi kimi oynadı və yaxşı təsir bağışladı. Onu limitə görə oynatmırıq. 

- Rüfət Abdullazadənin çıxışını necə qiymətləndirirsiz?
- Rüfətə vaxt lazımdır. O, Xəyal Nəcəfovdan daha yaxşı ola bilər. Azərbaycanda tək-tük oyunçu var ki, cərimə meydançasında bütün məsuliyyəti öz üzərinə götürüb, nəsə edə bilər.

- Rəqib sona yaxın hücumlar edəndə çox gərgin idiz. Bu, nə ilə bağlı idi?
- Rəqib son 10 dəqiqədə cərimə meydançamıza uzun toplar göndərirdi. Tellur və Yusif də artıq yorulmuşdu. Son dəqiqələrdə qol buraxmaq çox təhlükəlidir. Sumqayıtda uduzmaq istəmirdik, bunun da gərginliyi ola bilər.

- Ötən mövsümün burada keçən oyununda "Sabah" qələbə qazanmışdı. Bu matçı revanş kimi düşünmək olar?
- Xeyr. "Sabah" maraqlı komandadır. Belə nəticələrə revanş kimi baxmırıq. Futbolda udmaq da olar, uduzmaq da. (komanda.az)