Ayxan Abbasov: “Bu, bizim üçün böyük faciə olmayacaq”
- 23 Fev 2020 21:00
- 808
“Məğlubiyyətə görə üzülürük. Bilirdik ki, “Qarabağ”a qarşı səhv etmək olmaz”.
Rekord.az saytının məlumatına görə, bunu “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının XVIII turunda “Qarabağ”la keçirilən oyundan sonra deyib.
Çalışdırıcı qarşılaşmadan sonrakı mətbuat konfransında komandasının 0:1 hesablı məğlubiyyətini dəyərləndirib: “İkinci hissədə oyuna futbolçular gec kökləndi, bu da məğlubiyyətə səbəb oldu. Amma öz oyun dəst-xəttimiz var. Bu da gələcəyə nikbin baxmağa əsas verir. Bu gün başqa oyun da göstərə bilərdik. Amma qarşıya qoyulan məqsədə çatmaq, futbolçuların inkişaf etməsini istəyiriksə, futbol oynamalıyıq. Daha soyuqqanlı ola bilərdik. Amma futbolçulara əzmkarlığa görə təşəkkür edirəm. Çempionatda mübarizə davam edir”.
- Oyundan zövq ala bildiniz?
- Əlbəttə. Siz almadınız? “Qarabağ”a qarşı kim açıq futbol oynayıb.
- Bu gün hesab daha böyük ola bilərdi. Müdafiədə bu boşluqlar nədən qaynaqlanır?
- Romeronun bir epizodu oldu. Futbola düzgün baxmısınızsa, mən qoldan sonra 4 hücumçu ilə oynamışam. Risk etmişəmsə, əlbəttə ki, rəqibə boşluq verəcəyik. “Qarabağ” kimi komandaya qarşı açıq futbol oynamaq hər komandanın işi deyil.
- Son dəqiqələrdə gərgin idiniz. Nədən narazı qalmışdınız?
- “Qarabağ”a aid məsələ deyil. Qol vurmaq istəyirdik, ola bilsin ki, ondan irəli gəlir.
- “Sumqayıt” mövsümün ən yaxşı futbol oynayan komandalarındandır. Bu tempi sona qədər qorumaq mümkün olaxcaq?
- Bu, bizi də düşündürür. Heyətdə gənc futbolçular var. Stabil qalmaq çətindir. Geniş heyətimiz də yoxdur. Nəyisə itirsək, bizim üçün böyük faciə olmayacaq. Amma inanıram ki, futbolçular qazanacağıq.
- Amma hər mövsümün sonunda 6-7 futbolçu komandadan gedir...
- Azərbaycan futboluna qazandırırıq.
- “Sumqayıt” onları nə vaxt qazanacaq?
- Bu, məndən asılı məsələ deyil. (apasport)