Ayxan Abbasov: “Bu komanda 1-2 ildən sonra daha iddialı ola bilər”
- 08 Dek 2019 18:00
- 871
“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 14-cü turu çərçivəsində qarşılaşdıqları “Qəbələ” ilə oyunu şərh edib.
Rekord.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
“Çempionatın qış fasiləsi ərəfəsində son oyunu idi. Rəqibi təhlil etmişdik. "Qəbələ" son oyunlarda yaxşı çıxır edirdi, böyükhesablı qələbələr qazanırdılar. Təcrübəli legionerləri var. İstəmədiyimiz səhv bizə baha başa gəldi. Qırmızı vərəqələr rəqibi daha çox motivasiya etdi. Biz də dəyişikliklər etdik, hətta 3 hücumçu ilə oynadıq. Qış fasiləsinə 4-cü yerdə yollanmağımız bizim üçün yaxşıdı. Yəqin ki, qışdan sonra da eyni heyətlə davam edəcəyik. Futbolçuların da inkişafını istəyirik, nəticəni də. Sırf nəticəni istəsək, başqa şərtlərlə çalışmalıyıq. Ancaq gənclərin də inkişafını düşünürük. Qarşıda kubok oyunumuz var, sona qədər vuruşacağıq.
Futbolçularımın meydanda nə etdiyi bəllidi. Kor-koranə oynamırıq. İlk turlara baxsaq, fərq hiss olunur. İnkişaf var, amma rəqiblərimiz də artıq transferlərə başlayıb. Bu komandanı götürəndə belə halları rəhbərliyə bildirmişdim ki, bizi nələr gözləyir. Əsas məqsədimiz sonuncu olmayıb, bacardığımız qədər üst pillələrdə olmaqdır. Oyunlardakı geridönüşlərimiz də bir siqnaldır. Bu komanda 1-2 ildən sonra daha iddialı ola bilər.
Qırmızı vərəqə olmamış sistemi dəyişmək istəmirdim. Həftəboyu bunun üzərində çalışmışdıq, anidən sistemi dəyişmək istəmədim. Qırmızı vərəqədən sonra risk etməliydik. Bu, normaldır. Qırmızı vərəqə olmasaydı, bəlkə də daha rahat hücuma çıxa bilərdik. Rəqib sonuncu qırmızı vərəqədən sonra daha yaxşı müdafiə olundu”.