“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Rekord.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Səbail”i qələbə münasibətilə təbrik edirəm. Çətin səfər olduğunu bilirdik. Həm meydança amili var, həm çempionatda fasilə idi, yenidən Premyer Liqa ab-havasına girmək lazım idi. İlk yarıda qol epizodlarımız olsa da, istifadə edə bilmədik. İkinci hissədə futbolçuların konsentrasiyanı ani itirməsi rəqibin hesabı açmasıyla nəticələndi. Qol vurandan sonra “Səbail” yaxşı müdafiə olundu. 
 
Hər xal bizim üçün önəmlidi. Bu gün də buradan xalla qayıtmağı çox istəyirdik. Təəssüf ki, alınmadı. Əlbəttə, çempionat gərgin keçəcək. Belə məğlubiyyətlər də olacaq, qələbələr də. Amma hələ çempionatın əvvəlidir. Toparlanmaq lazımdır. Düzgün təhlillər aparıb, səhvlərimizdən nəticə çıxarıb, qarşıdakı oyunlara hazırlaşacağıq.
 
Futbolçularımızın millidən yeni qayıtmasının uğursuz çıxışda hansısa müəyyən təsiri ola bilər. Amma bu, bəhanə olmamalıdır. Bunu futbolçuların özünə də demişəm. Avropada, dünyanın hər yerində klublar öz futbolçularını milliyə göndərirlər, düşərgəyə qayıtdıqdan 3-4 gün sonra çempionat matçına çıxırlar. Yəni bunu bəhanə edə bilmərik”. (matc.az)