Ayxan Abbasov: “Şansları bərabər hesab edirəm”
- 16 Dek 2019 20:22
- 854
“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.
Rekord.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri görüşdən sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
“Kubok matçı iki oyundan ibarətdi. “Neftçi"nin heyəti bəllidi, genişdi. Sevindirən odu ki, futbolçularım meydanda tapşırıqları düzgün yerinə yetirdi, sona qədər döyüşdülər. Biz də qol vura bilərdik, rəqib də. Vuruşmağa söz vermişik. Futbol səhvlərin üzərində qurulub. Tək Elvin Bədəlov yox, başqa oyunçular da səhvlər edir. Sonra onlara inandığımı deyirəm. "Zirə" ilə 2:2 hesablı oyundan sonra Peyman Babaeini "xalq düşməni" elan etmişdilər. Ancaq sonra özünü sübut etdi. Səhv edən futbolçulara yenidən dəstək olub, onlara inandığımızı deyirəm. Bu gün də Elvin Bədəlov ən yaxşılardan idi. "Neftçi" güclü rəqibdi. Yaxşı futbolçulardan ibarət heyəti var. Bir az üstünlüyümüz varsa, istifadə edəcəyik. Ümumilikdə, şansları bərabər hesab edirəm. "Qarabağ"a da ilk məğlubiyyəti biz yaşatdıq. Belə oyunların futbolçuların inkişafında rolu böyükdü. Çalışıram ki, futbolçuları belə oyunlara maksimum kökləyim, rəqibdən çəkinməsinlər. Məni sevindirən odu ki, qol vurduq, daha bir neçə epizod da yaratdıq. Bu heyətin potensialı var. İnanıram ki, gələcəkdə daha yaxşı yerlərdə olacaqlar”.