Ayxan Abbasov: “Sumqayıt” 2 xal itirdi”
- 01 Fev 2020 19:57
- 776
"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib.
Rekord.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən görüşdən sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
- Qış fasiləsindən sonra ilk oyun həmişə çətin olur. Futbolçularımızın əzmkarlığı, tapşırıqları yerinə yetirməsi bizi qane edir. İlk qolu da biz vurduq. Rəqibin ikinci hissədə əks-hücumlara bel bağlayacağını bilirdik. Məncə, bu gün 2 xal itirdik.
- "Qəbələ" ilə oyunda da rəqib azlıqda qalmışdı. Sanki "Sumqayıt" azlıqda olan rəqibə qarşı oyun qura bilmir...
- Oyun qura bilməsəydik, 4-5 qol imkanımız olmazdı. Rəqibin də "Neftçi" olduğunu nəzərə alsaq, pis alınmadı. Sadəcə, sonluq çatmadı.
- Rəqibin fərqləndiyi epizodda sanki ofsayd var idi...
- Yəqin videoicmala baxdıqdan sonra dəqiq biləcəyik.
- Tempi qorumaq üçün ehtiyat oyunçularınız yetərlidirmi?
- Hər məşqçi istəyir ki, geniş heyəti olsun. Qarşımıza ciddi məqsədlər qoyuruqsa, heyət geniş olmalıdı. Daxili ehtiyatımız var. Antalyada da heç nədən çəkinmədən onlara üstünlük veririk. Alınacaqsa, avrokuboklar klubumuz üçün pis olmayacaq. Alınmasa da, inanıram ki, bu il çox oyunçu çıxaracağıq.
- Elvin Cəfərquliyevin bu tempini qorumaq üçün nə etmək lazımdı?
- Futbolçunun hər birinə öz yanaşması olmalıdı. Çox istedadlı futbolçular var ki, görürsən bir zaman gəlir sönür. Elvin gələcəkdə milli komandanın üzvü də olacaq, buna inanıram.
- Milli komandanın baş məşqçisi postuna namizəd olduğunuz deyilir...
- Milli hamı üçün şərəfdi. Məni namizəd kimi görürlərsə, bu, qürurvericidir. Ancaq hazırda "Sumqayıt"dayam. Nə zaman kömək lazım olsa, yığmaya kömək etməyə hazıram.
- Vüqar Mustafayevi əvəzləyənlər etimadı doğrultdumu?
- Bəzi transferlərdən sonra yeni gələnlərə görə onlara uyğun sistem qurmuşduq. Bunu da Vüqarın üzərində etmişdik. Ancaq indi Xəyal Nəcəfov vəzifəsinin öhdəsindən yaxşı gəlir.
- Əmir Ağayev bir neçə epizodda paxıllıq edib, komanda yoldaşlarına ötürmə etmədi. Əmirin qola bu qədərmi ehtiyacı var?
- Belə deməzdim. Oyuna baxıb, analiz etdikdən sonra bəzən deyirsən ki, həqiqətən düzgün qərar verib. Əmir komandamızın liderlərindəndi. Yaxşı oyunu da olacaq, pis də.
- Növbəti turda rəqibiniz "Zirə"di. Həmin oyunda" Sumqayıt"ın büdrəmək ehtimalı varmı?
- "Zirə" ilə prinsipiallığım yoxdu. Zaur Həşimov mənim dostumdu. Qışdan sonra ən yaxşı transferləri onlar ediblər və geniş heyətləri var. Rəqibi təhlil edəcəyik, bizim üçün önəmli oyundu. (komanda.az)