Ayxan Abbasov “Sumqayıt”dakı durğunluqdan danışdı: “Bu həftə bütün suallara aydınlıq gələcək”
- 29 İyn 2020 12:00
- 816
Tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanan “Sumqayıt”da passivlik hökm sürür. Pandemiya dövrü olsa da, digər klublar pisdən-yaxşıdan transferlər edirlər. “Sumqayıt”da isə yeni transfer yoxdur. Əksinə, aparıcı futbolçular bir-bir düşərgəni tərk edir. "Bu durğunluğun səbəbi nədir", "nə vaxta kimi davam edəcək", bu və digər suallara cavab almaq üçün komandanın baş məşqçisi Ayxan Abbasovla əlaqə saxladıq.
Rekord.az-a açıqlama verən 39 yaşlı məşqçi hələlik bütün sualların açıq qaldığını bildirdi: “Bu günə qədər iki futbolçu rəsmi olaraq komandanı tərk edib. Şəhriyar Əliyev “Keşlə”yə keçib, Elnur Cəfərquliyev isə mənsub olduğu “Qarabağ”a qayıdıb. Bildiyiniz kimi, o, bizdə icarədə oynayırdı. Lakin “Qarabağ” bildirdi ki, növbəti mövsüm üçün özləri də onun xidmətindən istifadə etmək istəyir. Alekseylə Əmirin məsələsi hələ açıq qalıb. Yəni hələlik onların gedişi rəsmləşməyib. Peyman Babayi də bizdə icarədə oynayır, amma onun mənsub olduğu İran klubu ilə danışıq aparıb böyük ehtimalla daha 1 il icarə müddətini uzadacağıq”.
Abbasov özünün də “Sumqayıt”dakı gələcək taleyi haqda danışdı: “Mənim özümün də “Sumqayıt”la müqaviləm başa çatıb. Yeni müqavilə ilə bağlı hələlik rəhbərliklə aramızda söhbət olmayıb. Çünki mən də bilməliyəm ki, klubun gələcəyi necə olacaq, hansı büdcə ayrılacaq, hansı transferlər olacaq, hədəf nə olacaq. Baş məşqçi olaraq bunları bilməyim çox vacibdir. Bu həftə rəhbərliklə görüşümüz olacaq. Həmin görüşdə bütün suallara aydınlıq gələcək. Sumqayıtı yox, bütün Azərbaycanı təmsil edəcəyik. İstəmirəm ki, sabah hansısa uğursuzluq olanda tək günahkar kimi ortada mən qalım. Bu həftə rəhbərliklə görüşdə bütün suallara aydınlıq gələcək”.