Ayxan Abbasov: “Sumqayıt”ı avrokuboklara yüksəldə bilsəm, rahat gedə bilərəm”
- 07 İyn 2020 18:00
- 680
“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov klubun mətbuat xidmətinə müsahibə verib.
Rekord.az həmin müsahibəni təqdim edir:
- Lap əvvəldən başlayaq. Ayxan Abbasovun futbolla tanışlığı necə olub?
- Valideynlərim Qərbi Azərbaycanlı olsa da, uşaqlığım bütünlüklə Bakının Buzovna qəsəbəsində keçib. Birinci sinifə elə həmin qəsəbədəki 26 saylı orta məktəbdə getmişəm. Futbolla tanışlığım da məhz Buzovnada olub. 8 yaşım olarkən məhəlləmizdə yaşayan Samir adında bir qonşumuz məhəllədə yaxşı futbol oynadığımı dedikdən sonra mənim bu idman növünə yazılmağımı təklif etdi. Səhəri gün onunla birlikdə Buzovna qəsəbə stadionuna yollandım və rəsmi şəkildə komandaya yazıldım. Düzdür, ilk öncə valideynlərim buna narazılıq etsə də, sonradan ümumi vəziyyətə alışmalı oldular. İlk məşqçim Boris Tibilov olub. Lakin bir müddət sonra adıçəkilən çalışdırıcı “Saxalin” komandasına baş məşqçi təyin olundu və ölkəni tərk etdi, bizim yaş qrup isə İlham Qurbanova həvalə olundu. Onun rəhbərliyi altında 14-15 yaşına qədər məşqlərdə və yarışlarda iştirak etdim. 15 yaşım olan zaman isə məşq etdiyimiz futbol məktəbi bağlandı və mən FŞM adlandırdığımız futbol məktəbinə yollanmaq məcburiyyətində qaldım. Böyükağa Abbasovun rəhbərliyi altında komandamız 1980-81-ci illər arasında Bakı çempionu oldu və mən tez bir zamanda həmin yaş qrupunun milli komandasına dəvət aldım. 1996-cı ildə məktəbi bitirib Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul oldum. 4 il sonra da heç bir kəsrim olmadan ali təhsilimi başa vurdum. Əsgərlik dönəmini isə 1 il MOİK-də keçirdim. Düzdür, ordakı çıxışım uğursuz alındı. Səhv etmirəmsə çempionatın 3-cü ayında Gəncədə keçirdiyimiz oyun zamanı ağır zədə aldım və həmin ili oyunsuz başa vurmalı oldum.
- Buzovnada böyümüş biri kimi, futbolçu karyeranızın o vaxtın ən populyar komandalarından biri olan “Xəzri”də başlamağınız gözlənilən idi…
- İlk peşəkar klubum Buzovnanın “Xəzri” komandası olub. 1996-cı ildə “Xəzri” ilə “Bakı Fəhləsi” arasında kubok oyunu olmalı idi. 3 cəzalı və 1 zədəli futbolçu olduğu üçün komandanın heyəti düzəlmirdi. Əvəzedici heyətdən də kimsə əsas komandaya cəlb olunurdusa, o, daha “dubl”da oynaya bilmirdi. Həmin mövsümdə isə əvəzedicilərimizin çempionluq şansı qaldığı üçün final görüşlərində yenidən əvəzedicilərə qayıtmağıma görə, “Xəzri”nin prezidenti Malik Babayev Fuad Musayevə müraciət etdi. Fuad müəllim də o zaman adımı eşidəndə demişdi ki, “Ayxana görə olar”. Rəşid Özbəyov sağ olsun, 1996-cı ildə 16 yaşım olan zaman Buzovna stadionunda “Bakı Fəhləsi”nə qarşı görüşdə mənə şans verdi və 20 dəqiqə meydanda oldum. O zamanlar “Xəzri” və “Bakı Fəhləsi” arasındakı oyunlar həmişə gərgin keçirdi. Belə demək mümkündürsə, həmin oyunlar Maştağa və Buzovna qəsəbələri arasında derbi matçı sayılırdı. Qarşılaşmada minimal hesablı qələbə qazandıq. Qələbəyə görə hətta 50 dollar mükafat da aldığımı xatırlayıram. Həmin pulla milli komanda ilə Türkiyə toplanışına gedəndə oradan özümə geyimlər aldım (gülür). İlk oyunuma çıxanda Rəşid Özbəyovun mənə inamı və “Rahat ol, çəkinmə. Nə bilirsənsə, onu et” sözləri isə ölənə qədər qullağımda olacaq. Həqiqətən o anda yaşadığım hisləri sözlə ifadə etməkdə çətinlik çəkirəm. Allah həm Rəşid Özbəyova, həm də Malik Babayevə qəni-qəni rəhmət eləsin. Hər iki şəxsin mənim bu səviyyəyə gəlməyimdən əməyi danılmazdır.
- İlk mükafatınızı qeyd etdiniz. Bəs ilk əməkhaqqınız?
- Milli komandada çıxış edən zaman məşqlərə yollanmağımız üçün federasiya Sumqayıt və Buzovnadan olan uşaqlara yol haqqı kimi müəyyən məbləğ ödəyirdi. Düzdür, valideynlərim məşqə getmək üçün mənə pul versələr də, federasiyadan verilən məbləğin bizim kimi gənclərə çox köməyi olurdu. İlk dəfə yol haqqı üçün verilən məbləği alan zaman evimizə müəyyən ərzaqlar aldığımı xatırlayıram. Peşəkar müqavilə imzalayan zaman “Xəzri”də ilk maaşım isə 100 dollar olub.
- Karyeranız ərzində 7 klubda çıxış etmisiniz və o qədər də çox qol vurmamısınız. Ayxan Abbasovun karyerası ərzində ən yadda qalan oyunu və ən yadda qalan qolu hansı olub?
- Açığı, bir az çətin sual oldu. Çünki keçirdiyim yaxşı oyunlar kifayət qədər çox olub. Amma ən çox yadımda qalan oyun “Turan”ın heyətində “Neftçi”yə qarşı olub. 2004/05 mövsümündə həmin vaxt ardıcıl çempionluqlar qazanan “Neftçi” üzərində Tovuzda Nadir Nəbiyevin qolu sayəsində qazandığımız qələbəni deyə bilərəm. Heç kəsə sirr deyil ki, “Turan” və “Neftçi” arasındakı oyunlar həmişə gərgin keçib. Paytaxt təmsilçisinə qarşı oyunlar tamaşaçılar üçün sanki bir bayram ab-havasında olurdu. Tovuz azarkeşləri də bizdən həmin görüşlərdə yalnız qələbə gözləyirdilər. Hətta azarkeşlərimiz “Neftçi” ilə baş tutan qarşılaşma həftəsi bütün məşqlərimizi stadiondan izləyərək bizə dəstək olurdu. 2004/05 mövsümündə heyətində Qurban Qurbanov, Mahmud Qurbanov, Vidadi Rzayev kimi simalar olan “Neftçi”ni məğlub etdiyimiz üçün hətta 1000 dollar məbləğində mükafat aldığımızı da deyə bilərəm. O dövr üçün həmin mükafat çox böyük məbləğ idi. “Şəfa” və “Qarabağ”ın heyətində də unudulmaz oyunlara çıxmışam amma bu qarşılaşma nədənsə hər zaman mənim üçün unudulmaz olub. Düşünürəm ki, az qol vurmağımın əsas səbəbi çıxış etdiyim mövqedən asılı olub. Ən yadda qalan qolum isə “Turan”ın heyətində “MKT Araz”a vurduğumdur. O vaxtlar AzTV-də Altay Əliyevin aparıcısı olduğu verilişdə ən yaxşı qollara səs verilən bir rubrika var idi. Həmin qol mövsüm ərzində ilk beşlikdə yer almışdı. Düzdür, karyeram ərzində qol sayım az olsa da, amma, məhsuldar ötürmə sayında çox vaxt irəli pillələrdə yer almışam.
- Futbolçu dönəmində oynadığınız futbolçulardan ibarət rəmzi onbirliyi necə qurardınız?
- Kamran Ağayev - Zaur Həşimov - Aftandil Hacıyev - Rəşad Sadıqov – Ayxan Abbasov - Vidadi Rzayev - Mahmud Qurbanov - Zaur Tağızadə - Samir Əliyev - Elçin Rəhmanov - Nadir Nəbiyev. Bu komandanın baş məşqçisi olaraq isə Əsgər Abdullayevi deyərdim.
- Karyeranız ərzində “Xəzri”, “Şəfa”, MOİK, “Turan”, “İnter”, “MKT-Araz”, “Qarabağ”da çıxış etmisiniz. Adları çəkilən klublardan hansı sizə daha doğmadır?
- Karyeramı 3 hissəyə bölsəm, sualınıza daha düzgün cavab vermiş olaram. İlk pillədə “Şəfa”nın adını çəkməliyəm. Bu komandanın gənclərin peşəkar futbolçu kimi yetişməsində rolu danılmaz olub. 16 yaşında “Xəzri”nin heyətində ilk oyunumu keçirdiyimi az öncə qeyd etdim. Lakin Buzovna təmsilçisi fəaliyyətini dayandırdıqdan sonra “Şəfa”ya keçdim və orada addım-addım oyunumu inkişaf etdirməyə başladım. Bu klubda artırmağımın əsas səbəbi kimi stabil oynamağımı qeyd etməliyəm. Milliyə namizəd olan futbolçuların əksəriyyəti məhz “Şəfa”da çıxış edərək özlərini inkişaf etdiriblər. “Şəfa”dan sonra ailədən uzaqda, bölgə atmosferi gördüyüm ən doğma klub “Turan” olub. Tovuz təmsilçisinin heyətində də xeyli unudulmaz oyunlar keçirmişəm. Yadıma gəlir ki, o vaxt “Futbol+” qəzetində futbolçuların mövqeləri üzrə bal sistemi var idi və mən 2004/05 mövsümünün öz mövqeyimdə qış çempionu olmuşdum. Son olaraq isə 6 il şərəfini qoruduğum “Qarabağ”ı deyə bilərəm. Ağdam təmsilçisinin heyətində də yaddaşımdan silinməyəcək xatirələr və oyunlar çox olub. Azərbaycan kubokunu qazandıq, bürünc və gümüş medalların sahibi olduq. Ən əsası isə Avropa Liqasında “Tvente” və Dortmund “Borussiya”sı kimi klublara qarşı pley-off oyunları keçirdim. Düzdür, Dortmund təmsilçisi ilə qarşılaşmada çıxış etmədim, amma, “Tvente” ilə ilk görüşdə 90 dəqiqə meydanda oldum. Həmin matçı 1:3 hesabı ilə uduzduq, Bakıda isə 0:0 hesabı qeydə alındı. Həmin “Tvente” ki, o mövsümü Hollandiya çempionu kimi tamamladı. Bu mənada “Şəfa”, “Turan” və “Qarabağ” mənim üçün ən doğma klublardır.
- Ayxan Abbasov nə zaman məşqçi olmağa qərar verdi?
- “Qarabağ”dan ayrıldıqdan sonra ikinci dəfə “Turan”a üz tutsam da, bəzi səbəblərə görə orada çox qalmadım. Növbəti 6 ayımı futbolsuz keçirdikdən sonra Premyer Liqadan təklif almayınca karyeramı bitirməyə qərar verdim. Futbolla istədiyim kimi vidalaşa bilmədiyim üçün öz sevimli məşğuliyyətimdən soyumuş, incik düşmüşdüm. Bir gün “Qarabağ”ın məşqçisi Elçin Rəhmanovdan zəng gəldi. Mənə “məşqçiliyi düşünürsənmi? sualını verdi. Açığı, əvvəllər bu barədə düşünməmişdim, ona görə vaxt istədim. Bir müddət sonra Rəhmanov növbəti dəfə zəng edib Qurban müəllimin mənimlə görüşümək istədiyini bildirdi. “Qarabağ”ın bazasında Qurban Qurbanovla görüşəndə “İstəyirik ki, “Qarabağ”ın akademiyasında komandanın şərəfini qorumuş sabiq futbolçular məşqçilik etsin, gələcəkdə akademiya ilə bağlı planlarımız var və yaxşı işlər görmək istəyirik” söylədi. Daha sonra isə Emrah Çelikel ilə görüşdüm və o da eyni sözləri söylədi. Dərhal məşqçiliyə başlamağa qərar verdim. Tez bir zamanda “C” kateqoriyalı məşqçilik kurslarına qatıldım. Kursa başlayanda gördüm ki, futbolçu və məşqçi tamam ayrı-ayrı sahələrdir. Dəftər, qələm əlindən düşməməlidir, daim oxuyub inkişaf etmək lazımdır.
- “Qarabağ” avrokuboklarda uğur qazanmağa başlayan zaman yollarınız ayrıldı və bir müddət sonra karyeranızı bitirdiniz. Əlinizdə olsaydı, “Qarabağ”da qalıb futbolçu kimi uğur qazanmağı, yoxsa, məşqçi kimi addımlar atıb indi sayılıb seçilən gənclər arasında olmağı üstün tutardınız?
- “Qarabağ” Avropa arenasında ilk addımlarını atmağa başlayanda 3 ili orda oldum. “Rusenborq” üzərindəki qələbədən sonra dönəmin top klubları “Qarabağ”a “paxıllıq edirdi”. Həmin uğurları da azsaylı legionerlərlə qazandıq. Son iki ildə isə “Tvente” və “Borussiya” ilə oyunlarda pley-off mərhələsi gördük. Həmin təcrübə mənə məşqçiliyə başladığım zaman çox kömək oldu. Digər tərəfdən də bəlkə “Qarabağ”da 1-2 il də qalıb oynasaydım, bu gün məşqçi olmazdım.
- “Zirə” karyeranız haqqında nə düşünürsüz?
- “Qarabağ”ın aşağı yaş qruplarında çalışanda hələ hansısa Premyer Liqa klubunda baş məşqçi olacağımı düşünmürdüm. “Zirə”yə keçidim təsadüf oldu. Bir gün Adil Şükürov mənə zəng edib, “Zirə”yə keçdiyini və birlikdə işləmək istədiyini bildirdi. Açığı ilk dəfə təklifdən imtina etdim. Özüm də 1-ci divizionda işləməyi istəmirdim. Lakin sonradan razılaşdım. Komanda Premyer Liqaya buraxıldıqdan sonra da Adil Şükürovla birgə çalışmağa davam etdim. Demək olar ki, onunla birlikdə komandanı sıfırdan qurduq. Bundan başqa, rəhbərliyin göstərişi ilə bir ay ərzində akademiyanın 9 yaş qrupunu hazır vəziyyətə gətirdik. Belə demək mümkündürsə, “Zirə”nin peşəkar klub kimi formalaşması üçün əlimizdən gələni əsirgəmədik. Həmin mövsümün gümüş medalçısı olduq. Mövsüm bitəndən sonra artıq tək işləməyi fikirləşirdim. Bu məsələ ilə bağlı rəhbərliklə görüşümüz oldu. Həm əvəzedici komandanın baş məşqçisi, həm də akademiyanın rəhbəri vəzifələrini icra etməyə başladım. 6 aydan sonra rəhbərlik məni əsas komandanın baş məşqçisi kimi görmək istədiyini bildirdi. Baş məşqçi kimi təcrübəmin olmamasına baxmayaraq, “Zirə”nin rəhbərliyi mənə inanıb dəstək oldular. Bu inamı və dəstəyi heç bir zaman unutmaram. Rəhbərlik tərəfindən qarşıma 4-cü yeri tutub, Avroliqaya yollanmaq hədəfi qoyulmuşdu ki, mövsümün sonunda buna da nail olduq. Avroliqanın ilk mərhələsində Lüksemburqun “Differdanj” komandasını mübarizədən kənarlaşdırmaqla klubun tarixində daha bir ilkə imza atdıq. İkinci mərhələdə isə Rumınyanın “Astra” komandası ilə qarşılaşdıq. Səfərdə 1:3 məğlub olduq, evdə isə 0:0 heç-heçə edərək mübarizəni dayandırdıq. Bu klubun Avroliqadakı uğuru bizimlə bağlı ola bilər, amma bu uğurların əldə olunmasında rəhbərliyin də əməyi böyük idi.
- Məşqçilik karyeranız hələ yeni başlayır. Həm “Zirə”də, həm də “Sumqayıt”da yanınızda olan tək ad Elnur Çodarovdur...
- Elnur Çodarovla bir-birimizi uşaqlıqdan tanıyırıq. Aşağı yaş milli komandalarda onunla bir yerdə oynamışıq. Elnur bizdən çox əvvəl məşqçiliyə başlayıb. Futbol oynadığı dönəmdə çox ciddi zədə almışdı. O zədədən sonra karyerasını bərpa edə bilmədi. Bu səbəbdən də futbolla erkən vidalaşdı. Elnur Çodarov “Qəbələ” Futbol Akademiyasında məşqçiliyə başladı və orada çalışdığı 5 il müddətində 19 yaşlılardan ibarət komandanın baş məşqçisi, əvəzedici komandada ispan mütəxəssis Luis Araqonun köməkçisi olmuşdu. Onu ilk dəfə 2015-ci ildə Adil Şükürovla birgə əsas komandaya dəvət etdik. 2015/16 mövsümündən sonra mən əvəzedici komandaya, Elnur isə U-19 komandasında baş məşqçilik etməyə başladı. “Zirə”nin əsas komandasında baş məşqçi təyin olunduqdan sonra Elnur Çodarovla bərabər çalışmağa başladıq. Oranı birlikdə tərk etdik və “Sumqayıt”a da bərabər gəldik.
- Məşqçilik bacarığını bəyəndiyiniz, örnək götürdüyünüz yerli və əcnəbi baş məşqçilər kimlərdir?
- Çalışdığım yerli məşqçilərdən Əsgər Abdullayev və Qurban Qurbanovu deyərdim. Əsgər müəllim gənc vaxtlarımızda bizim məşqçimiz olub. 17-18 yaşlı, futbol məktəblərindən yeni gəlmiş futbolçularla çalışmaq özü də bir istedad tələb edirdi. Abdullayevin bu sarıdan üstünlüyü o idi ki, hər kəslə dil tapa bilirdi. Qurban Qurbanova gəldikdə isə, “Qarabağ”a qayıtdıqdan sonra onun necə inkişaf etdiyini gördüm. O adamın məşqçi kimi durmadan özünü inkişaf etdirməyə çox böyük həvəsi və istəyi var. Akademiyada çalışdığım dönəmdə nə zaman bazaya gəlirdiksə, hər kəsdən əvvəl orda olurdu. Ölkəmizdə çalışmış əcnəbi məşqçilərdən Naci Şensoyun tələb etdiyi oyun intizamı, Konkovun ümumi nizam-intizamını qeyd edə bilərəm. Məşqçi olmağa qərar verdikdən sonra əsas məqsədlərimdən biri də baş məşqçilərdə gördüyüm mənfi xüsusiyətləri özümə yaxın buraxmamaq olub. Xarici klubların məşqçilərinə gəlincə isə futbolçu olduğum vaxtlarda Joze Mourinyonu çox bəyənirdim. Onun “İnter”lə Çempionlar Liqasını qazandığı mövsümdəki oyunlarından həzz alırdım. O məşqçinin xarakterini çox bəyənirdim. İsveçdə “PRO” kateqoriyasının dərslərində iştirak etdiyim zaman Mirça Luçesku təlimlərimizə qonaq olurdu. Ukraynalı mütəxəssisin necə dahi məşqçi olduğunun şahidi oldum. Bu yaxınlarda CBC Sport kanalında Karlo Ançelottinin “Milan”a baş məşqçi təyin olunub, komandanı sıfırdan necə yüksəltdiyi barədə bir videosüjet izlədim. Düşünürəm ki, belə məşqçilər gənc çalışdırıcılar üçün örnəkdir, onlardan öyrəniləsi çox şeylərimiz var. Məncə, məşqçilik elə bir şeydir ki, düşdüyün mühitdən, əlində olan futbolçulardan da çox şey asılıdır. Qaldı Avropa arenasında bəyəndiyim mütəxəssislərə, Massimiliano Alleqri, Antonio Konte, Yurgen Klopp, Pep Qvardiolanın adını çəkə bilərəm.
- Ayxan Abbasov üçün 5-4-1 nə deməkdir?
- “Zirə”nin əvəzedicilərini çalışdırarkən komanda iki oyunun birində məğlub oldu, digərini isə heç-heçə tamamladı. Növbəti turda “Kəpəz”lə qarşılaşacaqdıq. Heyətdə 3 stoper var idi. İlk iki oyunda onlardan birini dayaq yarımmüdafiəçi kimi oynatsam da, gözlədiyim effekti ala bilmədim. 5-4-1 sistemi ilə maraqlanırdım, çünki, kateqoriya kurslarında bu sistem haqqında xeyli müzakirələr gedirdi. Daim internetdən bu sistemin mənfi və müsbət tərəflərini araşdırırdım. Həmin həftə Elnur Çodarovla sistemi dəyişməyə qərar verdik və həmin oyuna hazırlıq həftəsini 5-4-1 sisteminə uyğun məşqlər keçirdik. “Kəpəz”i bu sxemlə çıxdığımız ilk oyunda 1:0 hesabı ilə məğlub etdik və beləcə uğurlu oyun seriyamız başladı. Əsas komandaya gəlişimdən sonra da 4-lü müdafiədən 5-liyə keçdim. Həmin mövsüm əsas komanda üçün də düşərli oldu ki, mövsümün sonunda Avropa Liqasına vəsiqə qazandıq. Bu mərhələdə isə rəqiblərə görə sistemi dəyişirdik. “Differdanj”la ilk oyunda 4-lü müdafiə sxemində çıxış edib 2:0, səfərdə isə 5-li müdafiədə oynayaraq 2:1 hesablı qələbə qazanıb növbəti mərhələyə yüksəldik. “Zirə”dəki ikinci ilimdə isə stoperlərin az olması səbəbindən bu sxemdə oynaya bilmədik. Hazırda “Sumqayıt” Futbol Klubunda da bu sistemdən istifadə edirik.
- Məşqçilik karyeranızda əsas hədəfiniz nədir? Ölkə xaricində işləmək istərdinizmi?
- Hər şey qismətdən asılıdır. Futbol belə bir şeydir ki, bir anda hər şey uğurlu da alına bilər, uğursuz da. Əlbəttə ki, hər bir məşqçi kimi mən də titullar qazanmağı istəyirəm. Xaricdə işləmək üçün isə təcrübə və güc lazımdır. Ümid edirəm ki, ölkə xaricində çalışmaq nə zamansa qismət olacaq.
- Məşqçi kimi Azərbaycan çempionluğu, yoxsa avrokuboklarda qrup mərhələsi?
- İlk öncə Azərbaycan çempionluğu. Futbolçu kimi də ölkə çempionluğunu qazanmamışam.
- 4 qız atası olan Ayxan Abbasov övladlarına vaxt ayıra bilirmi?
- Məşqlərdən, oyunlardan vaxt ayırıb uşaqların dərsləri ilə maraqlanmaq bir az çətin olur. Açığı, futbolçu dönəmində ilk iki övladımın necə böyüdüyünü görməmişəm, çünki evdə çox az tapılırdım. Təlim-məşq toplanışları, Tovuzdakı keryeram məni ailəmdən uzaq salmışdı. Amma indi bacardığım qədər yanlarında olmağa çalışıram.
- Hobbiniz varmı?
- Bir çox şeylərə sevgim var, amma bunu hobbi adlandırmazdım. Ümumi götürsək, uşaqlıqdan bəri futboldan başqa heç nəyə həvəsim olmayıb.
- Boş vaxtlarınızda nə işlə məşğul olursunuz?
- Boş zamanlarım uşaqların istirahət və tətil günlərinə düşürsə, onlarla daha çox vaxt keçirirəm. Bəzən də elə olur ki, bütün günü evdə qalıb, dincəlirəm.
- Ayxan Abbasov bir cümlə ilə özünü necə xarakterizə edərdi?
- Düzgünlüyün tərəfdarı və haqq-ədaləti sevən bir insan.
- Belə balaca boyla 10 milyon əhali içərisində seçilməyiniz əslində böyük hadisədir. Boyunuz balaca olmasaydı, mərkəz müdafiəçisi olmaqdan əlavə nə kimi qazancınız olardı? Ümumiyyətlə, boy məsələsi sizdə hər hansısa bir kompleks yaradırmı?
- Mən futbola mərkəz müdafiəçisi kimi başlamışam. 15 yaşıma qədər də bu mövqedə çıxış etmişəm. 15 yaşlılardan ibarət milli ilə İspaniyaya yollananda Boris Tibilov məni cinahda oynatmaq istədiyini dedi. Bu, mənə bir az pis təsir etdi. Çünki, mən özümü o mövqedə görmürdüm. Onda Tibilov mənə dedi ki, “Artıq böyük futbolu fikirləşmək vaxtıdır. Sənin yaxşı sürətin var, çox cəldsən və səni cinah yarımmüdafiəçisi mövqeyində oynatmaq istəyirəm. Stoper olmaq üçün isə boyun buna imkan vermir”. Beləcə ilk dəfə İspaniyada sağ yarımmüdafiəçi mövqeyində çıxış etdim. Oyunum da yaxşı alındı. Daha sonra isə “Şəfa”da Əsgər Abdullayevin rəhbərliyi ilə beşli müdafiənin sağında çıxış etdim. Və beləcə cinah oyunçusu mövqeyində qərarlaşdım. Lakin, göstəricilərim imkan versəydi, stoper olmağı çox istəyərdim. Kompleks məsələsinə gəlincə isə, uşaq vaxtı bəlkə də olub. Amma yaş artdıqca bunu normal hal kimi qarşılamışam. Boyum hündür olsaydı, bəlkə heç futbolçu da olmayacaqdım?!
- Futbolla vidalaşdıqdan sonra məşqçilik karyerası ilə yanaşı bir müddət TV və radiolarda ekspert kimi göründünüz. Məncə, bu sizdə heç də pis alınmırdı. Gələcəkdə TV-lərdə futbol eksperti kimi fəaliyyət göstərməyi düşünürsünüzmü?
- İlk dəfə Azərbaycan radiosunda İlkin Babanın aparıcısı olduğu proqrama qonaq kimi dəvət olundum. Veriliş bitdikdən sonra rejisör və aparıcı proqramın yaxşı alındığını söylədi. Sonralar elə oldu ki, ayda dörd veriliş olurdusa, üçünə dəvət alırdım. Daha sonra Dünya çempionatı ərəfəsində “İdman” TV-yə, bəzən “Xəzər” TV-də yayımlanan “Futbol Saatı” verilişinə ekspert kimi dəvət olunmağa başladım. Düşünürəm ki, bizdə ekspert olmaq üçün hər hansı bir klubumuzla bağlılığın olmamalıdır ki, rahat danışa biləsən. Bizdə bir oyunun analizi zamanı söylənilən bir söz belə kimlərinsə xoşuna gəlməyə bilər. Məsələn, Türkiyədə keçirilən bir derbi oyunundan sonra 3-4 saat oyunun müzakirəsi gedir. Məşqçi, oyunçu, hakim səhvləri bütün xırdalıqlarına qədər göstərilir. Bəlkə də gələcəkdə hansısa bir klubda olmasam, belə bir veriliş yayımlansa və tam rahat danışmağa şərait olsa, ekspert kimi fəaliyyət göstərməyə etiraz etmərəm.
- Zaur Həşimov, Aftandil Hacıyev, Ayxan Abbasov triosu nəyi ifadə edir?
- Biz futboldan kənarda da bir-birimizlə yaxın olmuşuq. Həyatın ən çətin anlarında həmişə bir-birinə dəstək olmuşuq. Zaur və Aftandillə “Qarabağ”dan başqa “İnter”, “MKT Araz”, “Turan” kimi klublarda da birlikdə çıxış etmişik. İndi də görüşəndə aramızda futbol “mübahisələri” olur. Onlar futbolun mənə qazandırdığı dostlardır.
- Azərbaycan milli komandasında çıxış etmək qismət olmayıb. Bunun səbəbi sizdə olub, yoxsa...
- Düşünürəm ki, “A” milli komandaya düşməməyimin əsas səbəbi mənim mövqeyimdə çıxış edən futbolçuların çoxluğu olub. Sağ cinah müdafiəçi və yarımmüdafiəçi mövqeyində Kamal Quliyev, Mahir Şükürov, Zaur Tağızadə kimi futbolçular olan zaman rəqabət bir o qədər də çətinləşir. Karlos Alberto Torresin dönəmində iki dəfə milliyə dəvət almağa yaxın olmuşam. Həmin ərəfədə özlüyümdə də fikirləşirdim ki, buna layiq idim. “Turan”da, “MKT Araz”da, “Qarabağ”da stabil çıxış etdiyim dönəmlərdə Andre Ladaqa, Ernani Pereyra, Yura Muzika kimi futbolçuların milliyə çağırılması mənə çox pis təsir etdi. Bu gün o futbolçular artıq yoxdur. Onlar heç Azərbaycanda belə yaşamırlar. Amma millinin məşqçilər korpusu onlara üstünlük verdi. Bu, futbolçu olduğum dönəmdə mənə çox ağır gəlirdi və indi məşqçi kimi çalışıram ki, buna bənzər səhvlərə yol verməyim.
- Az öncə Buzovna “Xəzri”sindən çox danışdıq. Vaxtı ilə ölkəmizi avrokuboklarda təmsil etmiş, lakin indi dağılmış “Ata yurdu”nun yanından keçəndə nələr hiss edirsiniz?
- İndi də Buzovnada o stadiona gedəndə adamın ürəyi ağrıyır. Çünki, demək olar ki, bu stadionda böyümüşəm. Məktəbdə ikinci növbə oxumuşam. Səhər öz məşqimiz olurdu, dərsdən gəldikdən sonra isə “Xəzri”nin məşqi olurdu. Külək olsun, qar olsun, fərqi yox idi hər məşqə gedib baxırdım. O vaxt mobil telefon da yox idi. Nə vaxt deyirdilər ki, “Ayxan itib”, gəlib məni stadionda tapırdılar. O stadionda böyük xatirələrim olub. “Xəzri”nin UEFA Kubokunda səfərdə qələbə qazanmışdı. Komanda hava limanından birbaşa stadiona gəldi və stadionda sanki bayram ab-havası hökm sürürdü. Bir tərəfdə canlı musiqi, digər tərəfdə hazırlanmış hər cür yeməklər. Səhərə kimi bütün Buzovna qələbəni bayram etdi. Uşaqlıqda ən böyük arzum Buzovna stadionunu dolduran 1500-2000 azarkeşin qarşısında “Xəzri”nin heyətində oynamaq idi ki, buna da nail olduğum üçün çox xoşbəxtəm. İndi də Buzovnada komandanın olmasını çox istəyərəm. İndi stadiona gedəndə həm köhnə xatirələr yada düşür, həm də stadionun baxımsız vəziyyətini görəndə pis oluram. Orada yaxşı bir stadionun olmasını istəyərdim.
- “Sumqayıt”a gəlişiniz necə baş tutdu?
- “Zirə”də çalışdığım dönəmdə 2 il təlim-məşq toplanışlarında bu komanda eyni oteldə məskunlaşırdıq. “Sumqayıt”a həmişə simpatiyam olub. Ümumilikdə götürsək, hər zaman oyunlarımız da prinsipial keçirdi. 2017/18 mövsümündə “Zirə”nin sükanı arxasında olarkən Sumqayıtda 1:0 hesabı ilə öndə olduğumuz oyunda azarkeşlər bir dəqiqə belə dayanmadılar və həmin oyunu “Sumqayıt” 2:1 hesabı ilə qələbə qazandı. Bu qarşılaşmadan sonra sözün həqiqi mənasında bu şəhərin azarkeşlərinə vuruldum. 2018/19 mövsümünün ikinci turundan sonra “Zirə”dən ayrıldım. Noyabr ayında “Sumqayıt”ın prezidenti Riad Rəfiyev zəng edərək mənimlə görüşmək istədi. Rəfiyevlə 2 saata yaxın söhbətimiz oldu. Gördüm ki, onun da iddiaları var, yaxşı komanda qurmaq istəyir. Həqiqətən bu şəxslə çalışmaq mənə maraqlı gəldi. Qarşılıqlı fikir mübadiləsi apardıq və tez bir zamanda razılığa gəldik. Təklifdən dərhal sonra Elnur Çodarovla da görüşdüm və iki gün sonra birlikdə Sumqayıta gəlib, işimizin başına keçdik. Bir çox tanışlarım mənə “Sumqayıt”a getməklə risk etdiyimi bildirdilər. Hətta bəzi mətbuat konfranslarında “Zirə”də qazandığınız uğurları burada itirməkdən qorxmursunuzmu?” kimi suallar da verilirdi. Mən də daha çox uğur qazanmaq üçün daha çox çalışmaq və riski gözə almaq lazım olduğunu söyləyirdim. “Sumqayıt”a gəlməklə bağlı içimdə heç bir zaman hər hansı tərəddüd olmayb.
- Bir az primitiv səslənsə də, hansı uğuru qazansanız “Sumqayıt” missiyanızı bitmiş hesab edəcəksiniz?
- Belə bir deyim var ki, yuxarı qalxmaq asandır, orda qalmaq isə çətindir. Biz ötən mövsüm Azərbaycan kubokunun finalına kimi irəlilədik. Azarkeşlər eyni uğuru artıq bu il də bizdən tələb edirlər. Düşünürəm ki, komandanı avrokuboklara çıxarsaq və 2 mərhələ keçə bilsək, mənim üçün “Sumqayıt”da ən böyük uğur bu olar. Ən böyük arzularımdan biri “Sumqayıt”ı Avroliqaya çıxarıb, klubun və şəhərin tarixinə düşməkdir. Azarkeşlərlə söhbətlərimizdə görürəm ki, onlar da bunun həsrətindədirlər. Bu komandanın əsas məqsədi gənc və yerli futbolçuların oyun təcrübəsi qazanaraq inkişaf etmək olsa da, görürük ki, son üç ildə Avroliqanın bir addımlığına qədər irəliləməyi bacarıblar. Komandanı avrokuboklara yüksəldə bilsəm, “Sumqayıt”dan rahat gedə bilərəm (gülür).
- Məşqçi kimi, “Sumqayıt”da olduğunuz dönəmdə unutmayacağınız oyun hansı olub?
- Maraqlı sualdır. “Sumqayıt”a gəldiyim ərəfədə çempionatda milli komandanın oyunlarına görə fasilə yaranmışdı. Məhz fasilədən sonra ilk görüş sabiq komandam “Zirə”yə qarşı idi. 3 ay əvvəl ayrıldığım kollektivə, Dilan Duventru, Bilal Həmdi, Aleksandr Dedova qarşı oynamaq həqiqətən başqa bir hiss idi. Bu görüşdə çox yaxşı oyun nümayiş etdirsək ki, yekunda məğlub olmuşduq. Bu qarşılaşma “Sumqayıt”ın heyətində məşqçi kimi debüt oyunum olduğu üçün unudulmaz oyunlar siyahısındadır. Amma ötən mövsüm Azərbaycan kubokunun yarıfinalın hər iki qarşılaşması yaddaşımdan heç vaxt silinməyəcək. “Zirə” ilə baş tutan cavab qarşılaşmasında ilk hissədə 3:0 hesabı ilə öndə olduğumuz, yekunda 3:3 hesablı heç-heçə və “Sumqayıt”la finala yüksəlmək həqiqətən mənim üçün unudulmaz idi.
- “Sumqayıt”ın Azərbaycan kubokunu qazanması üçün nə çatmadı?
- Bəzən düşünürəm ki, bəlkə biz yarımfinal qarşılaşmalarına o qədərmi çox köklənmişdik ki, sırf ilk dəfə klubun tarixində finala çıxaq və bununla kifayətlənək?! Mənə elə gəlir ki, finala elə məhz həmin düşüncə ilə köklənə bilmədik. Bir az da meydança amili oyunumuzun alınmamasına təsir göstərdi. “Qəbələ” ilə baş tutan həlledici qarşılaşmada deməzdim ki, pis çıxış etdik. Sadəcə istədiyimiz oyunu göstərə bilmədik. Bir az da finalın ab-havası, final həyəcanı bizə təsir etdi. Nəticədə tarixi şansı qaçırmış olduq.
- Sizə görə, “Sumqayıt” ölkə futboluna nə verib?
- Az öncə “Şəfa”dan danışarkən qeyd etdim ki, gənc futbolçuların bir çoxu məhz orada stabil oynayaraq inkişaf etdi. Deyərdim ki, hazırda həmin işi “Sumqayıt” Futbol Klubu görür. Yarandığı gündən heyətində yalnız yerli futbolçuların çıxış etdiyi komanda gənclərin inkişafı üçün şərait yaradıb. Azərbaycan çempionatında legioner limitinin sərbəst olduğu vaxtlar olub ki, həmin dönəmdə bəzi komandaların start 11-liyinin 70-80 faizi sırf əcnəbilərdən ibarət olub. Bu da yerli futbolçulara klub tapmaqda, stabil çıxış etməkdə müəyyən çətinliklər yaradıb. “Sumqayıt”ın yerli futbolçular üçün ən böyük üstünlüyü normal oyun göstərərək daha üst klublara keçmək və milli komandaya qədər yüksəlməkdir. Klubun fəlsəfəsi nəticə qazanmaq üzərində qurulsaydı, burada işlər tamam başqa cür ola bilərdi. Məncə hazırkı strategiya özü də gözəl bir işdir. Hazırda demək olar ki, klubların əksəriyyəti bu gününü fikirləşdiyi üçün bu fəlsəfədən uzaqdır. Bir nüansa da toxunum. Deyərdim ki, “Sumqayıt” Azərbaycan futboluna futbolçu yetişdirməklə yanaşı, məşqçilər də bəxş edib. Bu klub ölkə futboluna Samir Abasov kimi məşqçini qazandırıb. Samir müəllim əvəzedici heyətdən gəlib, yerli uşaqlarla iddialı komanda yarada bildi. Komandanın başında olduğu dönəmdə özündən güclü klublara başağrısı olmağı bacardı. Klubun hazırkı infrastrukturu bir neçə il əvvəldən olsaydı, “Sumqayıt” məncə bu gün daha çox uğur qazanmış olardı. İndiki şərait klub yarandığı gündən var olsa idi, bu gün akademiyamızdan Rüfət Abdullazadə, Səbuhi Abdullazadə, Süleyman Əhmədov kimi daha çox istedadlı futbolçu yetişərdi. Sözün həqiqi mənasında bu klub ölkə futbolumuza çox şey bəxş edib və etməkdədir.
- Sonda bu çətin günlərdə “Sumqayıt” azarkeşlərinə nə deyərdiniz?
- Məncə Sumqayıt azarkeşləri çox şeyə layiqdirlər. Əvvəldə də dedim, bu şəhərdə futbol sevgisi bir başqadır. Onlar üçün nə səsləndirsəm azdır. Pis gündə, yaxşı gündə yanımızda olan hər kəsə təşəkkür edirəm. Zaman olaraq çətin bir dövrdən keçirik. Bir az səbr edək, hər şey yoluna düşəcək. Ən əsası sağlamlığımızın qayğısına qalaq.