Ayxan Abbasov: "Turnir cədvəlində 4-cü yeri itirə bilərik" MÜSAHİBƏ
- 14 Yan 2021 19:20
- 768
"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov "Qəbələ" ilə 1:1 başa çatan bugünkü yoxlama oyunundan sonra Rekord.az da daxil olmaqla bir qrup jurnalistə müsahibə verib:
- Ayxan müəllim, öncə hazırlığın gedişi haqda fikirlərinizi bölüşərdiniz.
- İkinci yoldaşlıq görüşümüz olduğu üçün futbolçuların meydanda cəldliyi bizim üçün vacib idi. Bu həftə futbolçularda müəyyən yüklənmə oldu. Bunun fonunda komandadan məmnunam”.
- Komandanız çempionata nə dərəcədə hazırdı?
- Səhvlərimiz hələ var. Bəzi oyunçular təzə gəlib. Taktiki baxımdan önəmli həftə olacaq. İstəyərdik ki, hazırlıq üçün daha bir həftə vaxtımız olsun. Bu, azdır. Amma bütün komandalar üçün vəziyyət eynidir. Bizi “Keşlə” ilə çətin çempionat oyunu gözləyir. Həmin matça hazır olmağa çalışacağıq.
- Yeni transferləriniz müdafiəçi Höccət Haqverdi və hücumçu Mehdi Şərifidən razı qaldınız?
- Mehdi Şərifini tanıyırıq, bizimlə bir mövsüm keçirib. O, altı aydır futbol oynamır, oyun praktikasından əziyyət çəkir. Höccət Haqverdini isə bir ay idi izləyirdim. Təcrübəsi göz önündədir. Müdafiədə belə oyunçuya ehtiyacımız var idi. İnanıram ki, bizə kömək edəcək. Bütün mövqelərdə rəqabət olmasına çalışırıq. Çempionat uzun marafondur. 11-12 oyunçu ilə sona qədər getmək olmaz. İlk yarının sonlarında çox əziyyət çəkdik. Həm zədlilərimiz çox idi, həm də xəstəliyə yoluxanlarımız. Biz də rəqabət yaratmağa çalışırıq. Bu, futbolçuların yalnız xeyrinədir.
- İkinci hissədə meydana baxışda olan Dmitri Nağıyevi buraxdınız. Onun durumundan razı qaldınız?
- Dmitri hələ tam hazır deyil. Moldovada çempionat ötən ilin noyabrında başa çatıb. Ondan sonra məşq etməyib. Bir həftədir bizimlədir. Hələ yenə yoxlayacağıq. Amma ümumilikdə pis təsir bağışlamadı.
- Həftəsonu "Keşlə" ilə qarşılaşırsınız. "Keşlə" ardıcıl olaraq 4, siz isə 5 oyundur ki, qələbə qazana bilmirsiniz. Oyun hər iki komanda üçün xüsusi xarakter daşıyır. Bu amil komandada psixoloji basqı yaratmır ki?
- Çempionatda 5 oyundur qələbə qazana bilmirik. Turnir cədvəlində 4-cü yeri itirə bilərik. Hər iki komanda üçün çətin oyun olacaq. Amma bu matçın nəticəsi hələ heç nəyi dəyişmir. Çempionatın sabitliyini tutmaq da çətindir. Xal qazanmağa çalışacağıq. Amma məncə, mübarizə çempionatın sonunadək gedəcək”.
- Qazaxıstanlı müdafiəçi Kərəm Sultanov və iranlı yarımmüdafiəçi Adəm Həmati ilə bağlı son durum necədi?
- Onlar burada az şans qazandılar, özlərinə də dedik. Adəm bu sistemdə oynamamışdı, çətinlik çəkirdi. Yəqin ki, yaxın günlərdə klub rəhbərliyi bu barədə məlumat verəcək. Çalışacağıq ki, onlar da futbolsuz qalmasın, karyeralarına öz ölkələrində davam etdirsinlər.
- Əvvəllər "Sumqayıt"da belə bir praktika olub ki, Almaniyada yaşayan türk əsilli futbolçuları komandaya cəlb edib. Hakan Sünalın əlaqələrindəmn yararlanıb yenə bu metodu işə salmaq olar?
- Hakan Sünal burada akademiyaya cavabdehdir, onun öz funskiyası var. Düzü,heç bu barədə onunla söhbətimiz də olmayıb ki, əsas komandaya futbolçu tapsın.
Anar XANLAROV