“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Şimali Makedoniyanın “Şkendiya” klubuna qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında öncə bunları söyləyib:

- Arzu etdiyimiz gün gəlib çatıb. Həmişə bu turnirdə çıxış etməyin xəyalında olmuşuq, bu gün də bu reallaşıb. Rəqibimiz ölkəsinin ən tanınmış klublarındandır. Heyətimizdə dəyişikliklər olub. İnanıram ki, sabah komandamız meydanda əzmkar mübarizə aparacaq. İstəyərdik ki, azarkeşlər bizi dəstəkləsin, amma yenə də azarkeşsiz də olsa, Sumqayıtda oynamağımız üstünlükdür. Heyətimizdə ciddi zədəsi olan futbolçular yoxdur.

- Bu gün milli komandanın heyəti açıqlanıb və sizin komandadan 3 futbolçu yer alıb. Bu oyundan əvvəl komanda üçün motivasiya olacaqmı? 
- Milliyə uğurlar arzulayırıq. Elvin və Rəhimin ilk dəfə yığmaya çağırılması bizi məmnun etdi.

- Komanda sabah uğur qazanmaq üçün nələr etməlidir?
- Bir məşqçi olaraq komandadan çox futbolçunun getməsi çətinlik yaradır. Transferlərin də gec qoşulması çətinlik yaradan amillərdəndir. Mən burada bəhanələr gətirmək istəmirəm. Sabah çətin də olsa, tam formada olmasaq da, uğur qazanmaq istəyirik. Düzdür, çətinliklərimiz var, amma buna baxmayaraq, oynamaq lazımdır.

- Meydan amilindən başqa "Sumqayıt"ın üstünlüyü nədədir?
- Rəqibi yaxşı təhlil etmişik. Onların üstün cəhətləri də var, zəif cəhətləri də. Bizim də üstünlüklərimiz var və bununla bağlı futbolçulara bildirmişik.

- "Şkendiya"nın bir futbolçusu koronavirusa yoluxduğu üçün bura gəlməyib. Həmin futbolçu da bir neçə gün əvvəl komandayla bir olub və yoluxdurma ehtimalı var. Bununla bağlı nəsə müraciət etmisizmi? 
- Belə çətinlikdə turnirlər keçirilir. Qayda və qanunlar var. Biz öz fikrimizi deyə bilərik. Bizim kimi onlar da testdən keçib buraya gəliblər. Onların bizi təhlükəyə atacağını düşünmürəm.

- Rəqibin heyətində fərqləndirdiyiniz oyunçular var?
- Onların son mövsümdən sonra 3 əsas heyət oyunçusu komandadan ayrılıb. Dorevi deyə bilərəm ki, son oyunlarda məhsuldarlığı ilə seçilir. Axmed var, İbrahim var, Alimi var. Rəqib topla oynamağı sevən komandadır. Makedoniyada ən irəli gedən komandalar da "Şkendiya" ilə oyunda çətinlik çəkirlər. Heyətlərinin çoxu gənc futbolçudur, dinamik komandadır.

- Sabah siz necə oyun oynayacaqsız? 
- Sabah nəticə üçün oynayacağıq. İndi nəsə desəm, rəqibə "pas" olacaq.

- Meydana çıxanda topu rəqibə verəcəksiz, yoxsa özünüz irəli oynayacaqsız?
- Rəqibin üstün cəhətləri çoxdur. Cinahdan daha çox gələ bilirlər. Dediyim kimi, onların üstün cəhətləri qısa pasla rəqibin müdafiəsini yarmaqdır. Bunların hamısının qarşısını almağa çalışacağıq.

- Rəqib cərimə meydançasından kənarda qapıya az zərbə endirir. Əsas güc düşəcək mərkəz xəttinin oyunçularına... 
- Alimi və Axmedinin vurduğu qolların əksəriyyəti uzaqdandır. Rəqibin oyun stilini bilirik, təhlil etmişik.

- Sabah penalti olsa, kim yerinə yetirəcək?
- Bu məsələnin üzərində işləyirik. Sabah penalti olsa, Elvin Məmmədov və Əli Qurbaniyə şans verə bilərik.

- "Şkendiya" bu gün Premyer Liqada mübarizə aparsa, hansı yeri tuta bilər?
- Bu müqayisə mənim üçün çətindir. Hər çempionatın öz stili var. İndi burada "Qarabağ" və "Neftçi" liderliyə oynayırsa, o demək deyil ki, onlar Türkiyədə uğur qazana bilər. Hər çempionatda fərqlilik var. Məncə, bizim çempionatda ilk 4-lüyə oynaya bilərlər.

- Sabah oyunun taleyini 90 dəqiqəyə həll etmək istəyirsiz, yoxsa penaltilər seriyasında? 
- İstəməzdim penaltilərə qədər qalsın, ümid edirəm ki, ona ehtiyac olmaz və 90 dəqiqəyə oyunun taleyini həll edərik. Bir tur keçmək bizim üçün böyük təcrübə olacaq. Bunun üçün çalışacağıq. (komanda.az)