Ayxan Abbasovun yersiz həyəcanı
- 11 Apr 2023 09:51
- 1347
Cəmi bir ay kifayət etdi ki, zaman bizi haqlı çıxarsın. Əslində, bu mövzuya yenidən qayıtmaq istəməzdim. Amma “Turan Tovuz” – “Şamaxı” qarşılaşmasından sonra yaşananlar və proseslərin sonrakı axarı bəzi fikirlərimi dəyərli oxucularımla bölüşməyimi qaçılmaz etdi. Söhbət “Turan Tovuz” azarkeşlərinin Ayxan Abbasovu istefaya çağırmasından, baş məşqçinin bu çağırışlara münasibətindən gedir.
Təxminən bir ay bundan əvvəl “Turan Tovuz” “Neftçi”yə 0:4 hesabıyla məğlub olmuşdu. Ağır məğlubiyyətdən sonra qərb klubunun azarkeşləri futbolçuları tribunanın qarşısına səsləmiş və alqışlamışdılar. O vaxt “məğlub komanda niyə alqışlanır” deyə sual etmiş, elə bu başlıqla da yazımı dəyərli oxucularımıza təqdim etmişdim. Bir ay bundan əvvəl uduzan futbolçuları alqışlayan azarkeşlər indi də həmin futbolçuları tənqid edir, onları çalışdıran baş məşqçini qınayıb, onu istefaya səsləyirlər. Burda qəribə nə var ki?! O alqışlardan feyziyab olanlar nə üçün indi “istefa” çağırışlarından həyəcan keçirib, həmin o azarkeşləri “bir dəstə uşaq” adlandırırlar?
Bu yerdə yadıma məşhur bir lətifə düşdü. Qonşusundan qazan alan biri həmin qazanı geri qaytaranda balaca qazanı da onun içinə qoyur. Qazanın yiyəsi təəccüblənəndə qonşusu deyir ki, təbrik edirəm, qazanın balalayıb. Bir müddət sonra həmin şəxs qonşusundan böyük qazan alar. Qazanın yiyəsi 2-3 ay gözləyir, görür ki, qonşusu onun əmanətini qaytarmır. Gedir adamın qapısını döyür, ev yiyəsi qəmgin halda qapıya çıxır və deyir ki, qonşu, başın sağ olsun, qazanın öldü. Qazan yiyəsi təəccüblənəndə çoxbilmiş qonşusu qayıdır ki, “ay qonşu, qazan balalayanda ola bilməz, qazan doğmaz demirdin, indi nə oldu?” Ayxan Abbasovla “Turan Tovuz”un rəhbərliyi həmin qazanın yiyəsinin gününə düşüblər. 0:4 hesabıyla uduzanda sizi alqışlayanların “istefa” çağırışlarına dözmək də lazımdı.
Bəli, yenə həmin fikirdəyəm ki, “Neftçi”ylə oyundan sonra azarkeşlərin davranışını normal deyildi. 0:4 hesabıyla uduzan futbolçunun başına sığal çəkib, onu alqışlamazlar. Budu, nəticə ortadadı. Elə həmin oyun da daxil olmaqla “Turan Tovuz” düz altı turdu ki, qələbə üzünə həsrət qalıb. Həmin müddət ərzində Tovuz təmsilçisi keçirdiyi 6 oyunun hamısında qapısından top buraxıb, doğma meydanda iki dəfə məğlub olub. Rəqiblər də güclülərdən sayılmayan “Sumqayıt”la “Şamaxı”. Son qarşılaşmada Ayxan Abbasov start heyətdə beş legioneri və Rusiya futbolunun yetirməsi olan Ayxan Quseynovu meydana buraxmışdı. Yəqin siz də bilirsiz ki, “Şamaxı”nın heyəti bütünlüklə yerli futbolçulardan ibarətdi, komandada legioner yoxdu. “Turan Tovuz”un legionerlərinin az maaş alması da arqument deyil. Az maaş alan legionerin səviyyəsi də aşağıdısa, onları Tovuza nə üçün dəvət ediblər, say doldurmaq üçün?!
Ümumiyyətlə, “Turan Tovuz”la bağlı yetərincə ciddi suallar var. Tovuza böyük futbolu qaytarmaq, rayonun futbol ənənələrini bərpa etmək adıyla yaradılan klubda bu qədər legionerə nə ehtiyac var? Bəh-bəhlə akademiyası açılan, AFFA-nın maşın belə hədiyyə etdiyi komanda illərdi birinci divizionda iştirak edib. Amma istedadları ilə öyünən, futbol ənənələri olan rayonun komandası yararsız legionerlərin, tələbkar azarkeşlərə “uşaq-muşaq” deyən baş məşqçinin ümidinə qalıb. Yersiz həyəcana gərək yoxdu, cənablar. Uğursuzluqlardan nəticə çıxarmaq lazımdı, vəssalam!