"Turan Tovuz"un futbolçusu Ayxan Hüseynov Rekord.az-a müsahibə verib:

 

- "Araz Naxçıvan"la oyun çox çətin keçid. 2:0 qələbə qazansanız da, qollar sona yaxın gəldi...

- Çətin keçdi. Elə oyun idi ki, kim səhv elədi, digəri üçün oyun bitəcəkdi. Biz "Araz Naxçıvan"ın başqa taktika ilə oynayacağını gözləyirdik, amma onlar oyuna iki dayaq yarımmüdafiəçisi ilə çıxdı. Buan görə ilk hissə bizim üçün çətin oldu. İkinci hissədə isə sürətli oyunçularımız meydançaya daxil oldu və dediyim kimi, kim səhv etsə idi, oyun onun üçün bitəcəkdi. Elə oldu ki, iki dəqiqəyə iki qol vurduq və həmin qollar bizə çox kömək elədi.

- Bu qələbədən sonra ilk "üçlüy"ə xeyli yaxınlaşdınız və avrokuboklara vəsiqə şansınız da xedyli artdı. Necə düşünürsən, komandanız bunu bacara biləcək?

- İstənilən məşqçi, futbolçu istəyir ki, yuxarılarda ola. Futbolçu olaraq, bizim üçün də motivasiyadı, istəyirik ki, o ab-havanı hiss edək. Baxmayaraq ki, qarşımıza konkret belə bir hədəf qoyulmayıb. Amma çalışacayıq ki, bacardığımız qədər yuxarı pillədə qərarlaşaq.

- Növbəti oyununuz evdə "Qarabağ"a qarşı olacaq. Səncə, "Turan Tovuz" bu oyundan xal, yaxud 3 xal götürə bilər?

- "Qarabağ" Azərbaycanda nömrə 1-di. Amma biz istənilən komandaya qarşı oynamağa çalışırıq. Bu dəfə də öz oyunumuzu oynamağa çalışacayıq. Bildiyiniz kimi, II dövrədə bu komanda ilə 2:2 oynamışıq. Çalışacayıq bu dəfə də yaxşı nəticə əldə edək.

- Yeri gəlmişkən, "Qarabağ"a qarşı bir qolun var. Və həmin qoldan sonra da davamlı əsas heyətdə oynamağa başladın. Bu komandaya qarşı növbəti qol sözü verə bilərsən?

- (Gülür). Əlbəttə ki, istəyirəm "Qarabağ"a qol vurmağı. Amma daha vacib olan komandanın qələbəsidi. Qolu kimin vurmasının elə də fərqi yoxdu. 

- Son turlarda davamlı olaraq, əsas heyətdə oynayırsan. Daha öncə əsas heyətə düşə bilməməyin nə ilə bağlı idi, uyğunlaşmada problem var idi, yoxsa hazır deyildin?

- Bizim komandada ciddi rəqabət var. Ona görə də kimin əsas heyətdə oynayacağına baş məşqçimiz qərar verir. O daha gözəl bilir ki, kimin durumu necədi, kim oynamağa daha hazırdı. Ona görə Ayxan müəllim necə istəyir, elə də olacaq. 

- Qarşıdan milli komandanın toplanışı gəlir. Formada olan futbolçu kimi dəvət gözləyirsən?

- Əlbəttə milliyə dəvət almaq mənim üçün arzudu. Amma indi vəziyyət elədir ki, futbolçuları kim seçəcək, dəvəti kim göndərəcək, hələ bilinmir. Çünki millinin baş məşqçisinin kimliyi bilinmir. Bundan başqa, mənim pasportla bağlı da problemim var və hələ həll olunmayıb.

- Yeri gəlmişən, təmiz azərbaycanlı olsan da, hələ də Azərbaycan pasportu ala bilməmisən. Problem nə ilə bağlıdı?

- Təmiz azərbaycanlıyam. Azərbaycan papsortu almağı da çox istəyirəm. Amma düzü özüm də bilmirəm ki, bunun üçün nə etməliyəm. 

 

Anar XANLAROV