Bir müddət idi sakitçilik idi. "Turan Tovuz" uğurlu seriya cızırdı, ilk "üçlüy"ün bir addımlığında dayanmışdı, Tovuz stadionu bir ağızdan "Ayxan, Ayxan" qışqırırdı. Elə ki, 1-2 məğlubiyyət oldu, komanda avrokubok zonasından aralı düşdü, yenə etirazlar, "istefa" şüarları başladı. Niyə, məqsəd, səbəb  nədi? Ümumiyyətlə, bu insanlar nə istəyir? Bəlkə gözləyirdilər ki, Premyer Liqaya qayıdandan bir mövsüm sonra komanda Avropaya getməli idi? Bu düşüncə nə dərəcədə məntiqlidi? Axı "Tovuz futbol bölgəsidir", "Tovuz azarkeşləri futbolu bilir" deyirik. Futbolu bilən insanlar bu gün bu ortamı yaratmamalıdır axı.Bir qrup şəxs var ki, aranı qatır, məlumdu. Futbolu bilən kütlə gərək o qrupun təsirinə düşməsin. Hər şeyə real baxmaq, real qiymət vermək lazımdı. "Turan Tovuz"un qarşısına 3 illik plan qoyulub. Plana görə komanda ilk ildə Premyer Liqada qalmalı, ikinci il yerini möhkəmləndirməli, üçüncü ildən isə müəyyən hədəflər üçün oynamalıdır. Hər şey plan üzrə gedir. Komanda ilk ildə Premyer Liqada yerini qorudu, cari mövsüm isə möhkəmləndi. Hətta sona yaxın yığılan sürətlə avrokuboklara vəsiqə uğurunda mübarizəyə də qoşulmuşdu. Düşünürəm ki, bəlkə də komanda özü özünü onda yandırdı ki, ictimaiyyətə avrokubok mesajları verildi, azarkeşlər buna kökləndi və bu gün də həmin azarkeşlər az qala avrokuboklara vəsiqə qazana bilmədiyi üçün baş məşqçini, futbolçuları tənqid edir.  Digər tərəfdən də baxanda bu, ortaya qoyulan düzgün işin nəticəsidir ki, qarşısına elitada möhkəmlənmək hədəfi qoyan komanda sona yaxın ilk "üçlüy"ün bir addımlığına qədər gəlib çıxmışdı. Ayxan Abbasovdan narazı qalanlar iddia edir ki, komanda futbol oynamır. Sual yaranır: futbol oynamayan komanda necə olur ki, son tura qədər çempionatda "Qarabağ"dan sonra ən çox qol vuran komanda olur? "Turan Tovuz" bu mövsüm 42 xal toplayıb. Futbol adına heç nə ortaya qoymayan komanda necə olur ki, 48 qol vurur, 42 xal toplayır? Ötən mövsümlə müqayisə aparanda da aşkar şəkildə görünür ki, nəticələrdə irəliləyiş var. Məsələn, "Turan Tovuz" ötən mövsüm 36 tura 10 qələbə qazanmışdısa, bu mövsüm 33 tura 11 qələbə qazanıb. Komanda ötən mövsüm 36 oyuna 39 xal toplamışdısa, bu mövsüm 33 tura 42 xal toplayıb. Mövsümün sonuna 3 tur qaldığını nəzərə alsaq, nəticələrin daha da yaxşılaşmaq imkanı var. Komanda ötən mövsüm turnir cədvəlində 6-cı pilləni tutmuşdusa. hazırda da ən azı həmin mövqeydə qərarlaşıb. Yəni "Səbail"lə eyni xala malikdilər. Göründüyü kimi, ümumi göstəricələrdə geriləmə yox, əksinə irəliləyiş var. Yəni komanda daha çox xal yığıb, daha çox qol vurub. Hansı şəraitdə, bunu da hər kəs gözəl bilir. Komandanın cəmi bir meydançası var. Şərait baxımından "Kəpəz" belə, "Turan Tovuz"dan daha yaxşı vəziyyətdədir. Ən azından standardlara cavab verən iki təbii, bir süni örtüklü meydançası var. Tovuzda yaşayan insanlar da gözəl bilir ki, bu gün hansısa legioneri Tovuzda saxlamaq çox çətindir. Biz jurnalistlər tez-tez bu rayonda oluruq, bəzən iki gün ard-arda oyun olanda orada gecələyirik, çıxıb rayonu gəzirik, şəraitlə tanış oluruq. Rayonda bu gün legioner futbolçuları cəlb edəcək heç nə yoxdur. O vəziyyətdə hansısa legioneri "Turan Tovuz"a gətirib o maaşa oynatmaq özü də böyük şeydi. Tovuz azarkeşləri bunu niyə görməzdən gəlir? Bu şərtlər altında bu cür komanda formalaşdıran məşqçini istefaya çağırmaq hansı məntiqə söykənir?

 

Bəzən tənqidlər olur ki, "niyə "Turan Tovuz"da yerli futbolçular oynamır, niyə Tovuz uşaqlarına, yerli gənclərə şans verilmir". Həmin fikiri səsləndirənlərə desən ki, Premyer Liqada oynamağa hazır olan  iki nəfər cavan tovuzlunun adını çək, durub baxacaq.Çünki elə futbolçu yoxdur. Abbasovu tovuzlu gəncləri oynatmamaqda ittiham edənlərin "Turan Tovuz"un əvəzedici komandasının nəticələrindən xəbəri var? Bu gün "Turan Tovuz"un əvəzedici komandası 10 komanda arasında sonuncu pillədə qərarlaşıb. Öz qapısından isə 87 qol buraxıb. Turnir cədvəlində sonuncu olub, öz qapısından 87 qol buraxan komandada Premyer Liqada oynamağa layiq futbolçu ola bilər sizcə? Bəlkə Ayxan Abbasovun yaxasından əl çəkib bir azca da bu məsələ haqda baş sındırasınız? Bəlkə bir qədər də "Turan Tovuz"un əvəzedici komandasının baş məşqçisi olan yerliniz, tovuzlu Nizami Ocaqverdiyevi sorğu-suala çəkəsiniz ki, ay Nizami müəllim, axı Tovuz futbol bölgəsidir, bizim hər zaman istedadlı futbolçularımız olub, bu gün bizim əvəzedici komandamız niyə bu gündədi? Niyə bu komanda sonuncu yerdədi, niyə 87 qol buraxıb, niyə bu komandadan əsas komandaya namizəd olacaq futbolçu yoxdu? Çünki klubun rəhbəri Etimad bəy bütün akademiya üçün bacardığı qədər yaxşı şərair yaratmağa çalışır, akademiyada tovuzlu məşqçilər çalışır, "Turan Tovuz"un uşaq məşqçiləri Premyer Liqa klubları arasında ən çox maaş alan məşqçilər sırasındadır, Bütün uşaq komandaları, geyim dəstləri. bütün inventarlarla təmin olunub. Elə isə, əvəzedici komanda niyə bu cür bərbad oyun və nəticə göstərir? Ayxanı istefaya çağıranlar, "Turan Tovuz"da niyə tovuzlular oynamır" deyənlər bəlkə bir az da bu haqda düşünsün?...

 

Anar XANLAROV