Xəbər verdiyimiz kimi, bu yaxınlarda "Turan"ın avrokuboklardakı debütünün 30 illiyi şərəfinə "Turan" və "Kəpəz"in veteranları Tovuzda yoldaşlıq görüşü keçirdi.

Rekord.az xəbər verir ki, Tovuz təmsilçisi 1994-cü ildə UEFA kubokunun ilkin təsnifat mərhələsində Türkiyənin "Fənərbağça" klubu ilə qarşılaşmışdı.

İstanbulda keçirilən ilk matçda rəqib 5:0 hesablı qələbə qazanmışdı. Sumqayıtdakı cavab görüşündə də türklər qələbəyə sevinmişdi-2:0. Hər iki oyunun iştirakçısı olan futbolçulardan biri də Azad Mütəllimov idi. Hazırda "Sumqayıt" Futbol Akademiyasında çalışan sabiq futbolçu-hakimlər həmin illəri xatırladıq: "Hər iki oyun yaxşı yadımdadır. Bizim üçün böyük təcrübə olmuşdu. Çünki ilk dəfə o səviyyədə oyuna çıxırdıq. Rəqibin stadionu, şəraiti, azarkeşləri, hər şey bizim üçün yenilik idi. Həmin vaxt oyundan bir müddət öndə İstanbula getmiş, orada hazırlıq keçmişdik. 0:5 uduzsaq da pis oynamamışdıq, bizim də qol imkanlarımız olmuşdu. Sadəcə, reallaşdırmaq üçün təcrübəmiz yetərli deyildi. Sumqayıtdakı cavab oyununda daha yaxşı oynamışdıq. 82-ci dəqiqəyə kimi hesab 0:0 idi. Təəssüf ki, Hüseynqulu Quliyevin əlinə dəyən topa görə hakim qapımıza penalti təyin etdi. Sona yaxın daha bir top buraxıb məğlub olduq. İstənilən halda, həmin oyunları xoş xatirə ilə xatırlayıram".


Mütəllimov bu oyunun 30 illiyi şərəfinə təşkil olunan oyuna da münasibət bildirdi: "Çox gözəl təşəbbüs idi, keçmişə qayıdırsan, nostalji hisslər olur. Sağ olsunlar, mənə də dəvət göndərmişdilər, özüm də gedib iştirak etməyi çox istərdim. Baxmayaraq ki, dizimdə ciddi zədə var, tam güclə oynamaq iqtidarında deyiləm. Amma ən azı orda olmağı istərdim. Təəssüf ki, şəxsi işlərim səbəbindən gedə bilmədim".