Premyer Liqanın 11-ci turunun “Qarabağ” - “Şamaxı” oyunundan (3:0) sonra Ağdam komandasının baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. 

Rekord.az xəbər verir ki, təcrübəli mütəxəssis görüş barədə fikirlərini açıqlayıb:

“Futbolçularımı təbrik edirəm. Vacib qalibiyyət idi. Xüsusən də, birinci hissədə çox yaxşı müdafiə olunan komandaya qarşı oynayırdıq. Rəqib sıx və kompakt çıxış edirdi. Bu səbəbdən 1-2 qol vəziyyəti yarada bildik. Ancaq ikinci hissədə açıq oyun getdi. Buna görə də futbolçularımız üçün oynamaq daha rahat oldu. Çempionatda yerimizi qorumaq üçün vacib qalibiyyət oldu. Matçın əvvəlindən mənə və komandamıza dəstək olan azarkeşlərimizə təşəkkür edirəm. Bizə olan sevgilərini, inamlarını göstərdilər. Bu, hamımız üçün çox xoş oldu”.

Baş məşqçi braziliyalı hücumçu Juninyo Olavionun görüşdə iştirak etməməsinin səbəbini də izah edib: “Son oyunda əzələsində ağrı hiss olundu. Həkimlər risk etməyin tərəfdarı olmadılar. Bu səbəbdən Juninyonun adını matçın iştirak ərizəsinə salmamışdıq”.

Qurban Qurbanov UEFA Avropa Liqasında qarşılaşacaqları rəqibləri təhlil etdiklərini sözlərinə əlavə edib: “Bütün rəqiblərimizin oyununa baxmışam, hamısı barədə məlumatım var. Lakin görüşlərdən öncə tam dərindən analiz edəcəyik”.