Hazırda Premyer Liqa davam etsə də azarkeşlər hələ də oyunları tribunadan izləyə bilmir. Baxmayaraq ki, ölkəmizdə koronavirusa yoluxma sayı kəskin azalıb, sağalanların sayı isə xeyli artıb.

Rekord.az məsələ ilə bağlı son durumun necə olması ilə bağlı PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyevlə əlaqə saxlayıb.

Şahgəldiyev bildirib ki, hazırkı vəziyyətdə dəqiq söz demək çətindir: “Bildiyiniz kimi, hazırda tək bizim ölkəmizdə yox, Avropanın əksər ölkələrində oyunlar azarkeşsiz keçirilir. Baxmayaraq ki, bir ara azarkeşlərin stadionlara buraxılması bizim də üzv olduğumuz Avropa Peşəkar Futbol Liqaları ittifaqı ilə də müzakirə olunmuşdu. Hazırda hər şey Operativ Qərargahın verəcəyi qərardan asılı olacaq. Birmənalı şəkildə demək olmaz ki, cari mövsüm azarkeşlər stadiona buraxılmayacaq. Bəlkə 1 aya virus tamamilə yox oldu. Hər şey virusun gedişatından və OQ qərarından asılı olacaq”.