
Azər Məmmədov: "Bir neçə legionerlə danışıqlarımız gedir" MÜSAHİBƏ
- 03 İyl 2023 11:00
- 1227
“Kəpəz”in baş məşqçisi Azər Məmmədov Rekord.az-a müsahibə verib:
- Azər müəllim, öncə hazırlığın ümumi gedişi və yay planı ilə bağlı geniş məlumat verməyinizi istərdik...
- Bildiyiniz kimi, bir müddətdir ki, Gəncə şəhərində hazırlıqlara start vermişik. Hazırlığın ilkin mərhələsində daha çox dözümlülük üzərində işləyirik. İlk günlərdən məşqə yalnız yerli futbolçular qatılmışdı. Xüsusilə əvəzedici komandadan bir neçə uşağı əsas komandanın məşqlərinə cəlb elədik. Daha sonra təcrübəli yerli futbolçular, legionerlərdən isə Junior da kollektivə qoşuldu. İyulun 7-də ilk yoxlama görüşünü keçirəcəyik. “Səbail”lə həmin oyun üçün Bakıya yola düşəcəyik. Həmin oyundan sonra yenidən Gəncəyə qayıdıb futbolçulara iki gün istirahət verəcəyik. Daha sonra yenidən Gəncədə bir araya gəlib hazırlığın ikinci mərhələsinə başlayacayıq. İyulun 13-də yenidən Bakıya yola düşəcəyik. İkinci mərhələnin əsas hissəsini məhz Bakıfa keçəcəyik. İyulun 14-də “Zirə” ilə yoxlama oyunumuz olacaq. Həmin oyundan sonra komanda təlim-məşq toplanışına “oturacaq”. İkinci hissə də bitdikdən sonra Gəncəyə qayıdıb yeni mövsümün son hazırlıqlarına başlayacayıq.
- Belə başa düşdük ki, ölkə xaricində toplanış olmayacaq...
- Xeyr, olmayacaq.
- “Şamaxı”da forma geyinən gəncəli futbolçular Zahid Mərdanovla, Əli Səmədovun məsələsi nə yerdə qaldı, qaytara biləcəksiniz?
- Mən bu məsələyə peşəkar yanaşmaq istəyirəm. Onların hər ikisinin “Şamaxı” klubu ilə müqaviləsi var. Təbii, çox istərdik ki, hər ikisini geri qaytaraq. Tək ona görə yox ki, gəncəlidilər. Mənim üçün futbolçunun hansı bölgədən olmasından daha çox, onun oyunu önəmlidir. Zahidlə, Əli də ilk növbədə məhz oyunlarına görə mənə lazım idi. Lakin dediyim kimi, hər ikisinin “Şamaxı” ilə müqaviləsi var.
- Amma “Şamaxı” təzminat qarşılığında həmin futbolçuları buraxmağa razıdı...
- Bilirsiniz ki, “Kəpəz” hazırda Premyer Liqada sponsoru olmayan yeganə komandadar. Maddi durumumuz imkan vermir ki, hansısa futbolçuya görə təzminat ödəyək. O təzminata ödəniləcək pula münasib olan hansısa legioner ala bilərik.
- Tərlan Əhmədovun dönəmində əvəzedici komandaya göndərilən Elvin Yunuszadənin yenidən əsas komandaya qaytarılması ehtimalı varmı?
- Elvin stopper mövqeyində oynayır. Biz isə həmin mövqeyə lazım olan qədər futbolçunu artıq götürmüşük.
- Əldə etdiyimiz məlumata görə, legioner qapıçı almaq planınız var. Çünki hazırda düşərgənizdə yalnız Kamran İbrahimov var...
- Əslində, mənə yerli qapıçı sərf edir. Məndən olsa, bütün qapıçılarımız yerli olar. Çünki belə olan halda meydançaya daha çox legioner futbolçu buraxa bilərik. Lakin təəssüflə qeyd etmək istərdim ki, ölkədə yerli qapıçı ilə bağlı problem var. Yaxşı qapıçılar da hamısı iddialı klublardadır. Bununla belə, çalışırıq bu mövqeydə rəqabət yaradaq Kamrandan başqa, əvəzedici komandadan 2003-cü il təvəllüdlü Elgün adlı qapıçını da əsas komandanın məşqlərinə cəlb etmişik. Məhz bu rəqabətə görə bəli, bir legioner qapıçını da transfer etmək istəyirik.
- Ümumilikdə necə futbolçu transfer etməyi düşünürsünüz?
- Hər mövqeyə iki futbolçu olsa əla olar. Hazırda heyətdə olanları çıxsaq, heç olmasa, 10 yeni transferə ehtiyacımız var. 3 qapıçı və 22 nəfərlik sahə oyunçusu olmaqla 25 nəfərlik heyət formalaşdırmaq istəyirik. Məlum məsələ, büdcəmiz aşağıdı. Ümid edirəm ki, nəhayət, “Kəpəz”ə də sponsor tapılacaq. Amma fakt hazırda sponsor yoxdur. Ona görə ayrılan büdcədən istifadə edirik və buna görə də transferlərə çox həssas yanaşırıq. Xüsusilə legioner transferinə. Səhv ola bilər və yəqin ki, olacaq da. Səhvsiz mümkün deyil. Amma əlimizdən gələni edirik ki, səhvimiz minimum olsun.
- Danışıq apardığınız futbolçular var?
- Bəli, bir neçə legionerlə danışıqlarımız gedir. Amma təsdiqlənmədiyi üçün adlarını açıqlaya bilmərəm. Razılıq əldə olunsa, ictimaiyyətə açıqlanacaq.
- Şuaybu ilə bağlı məsələyə nöqtə qoyuldu?
- Bəli. Şuaybu qarşıdakı mövsümdə də bizim futbolçumuz olacaq. Onsuz da 1 illik müqaviləsi var idi. Buna görə getmək yox, satılması məsələsi var idi, ölkə daxilində istəyən klublar var idi. Lakin mən dedim ki, mənə lazımdı və mütləq “Kəpəz”də qalmalıdır. Bundan sonra satılmaq söhbəti də bağlandı.
- Keçən il “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov idi və Gəncədə ona qarşı çox böyük təzyiqlər oldu. Təzyiq göstərənlərin də hamısı deyirdi ki, Gəncədə gəncəli işləməlidir. Yekunda onlar istəyən oldu. İndi ölkənin futbol ictimaiyyəti səbrsizliklə həm də “Kəpəz”in növbəti çıxışını gözləyir. Yəni gəncəli deyirdiniz, buyurun, bu da gəncəli məşqçilər, özünüzü sübut edin...
- Çox yaxşı sualdı, yaxşı da mövzuya toxundunuz. Mənə bu haqda digər mətbuat nümayəndələri də sual veriblər. Növbəti dəfə bu mövzuya münasibətimi ortaya qoyacam. Birmənalı şəkildə deyirəm ki, şəxsən mənim bu söhbətə, bu ayrıseçkiliyə münasibətim çox mənfidi və absurd hesab edirəm. Necə yəni Gəncədə ancaq gəncəli işləməli, Gəncədə ancaq gəncəli oynamalıdı? Əslində, mövsüm ərzində bu məsələ zaman-zaman mətbuata çıxırdı, müzakirə olunurdu. Həmin vaxt mən özüm bu söhbətlərə baxıb gülürdüm. Əmin ola bilərsiniz ki, mənim futbol düşüncəmdə belə ayrıseçkiliyə yer yoxdur. Mən özüm gəncəli ola-ola gedib “Səbail”də işləyirdim. Onlar da desin ki, gəncəli niyə gəlib Bakıda işləyir? Qəbul eləmirəm bu söhbətləri. Bəli, bu gün bir gəncəli kimi öz doğma şəhərimin komandasında işləyirəm və mənə çox xoşdur. Amma o mənada yox ki, mən gəncəliyəm və ancaq “Kəpəz”də işləmək istədiyim üçün bura gəldim. Ola bilərdi başqa bir komandadan da baş məşqçilik təklifi gəlsə, qəbul edərdim. Bu gün də “Kəpəz”in baş məşqçisiyəm, qəti elə söhbət ola bilməz ki, bu komandada ancaq gəncəlilər oynamalıdır, digər bölgələrimizdən olan futbolçular burada oynaya bilməz. Təbii, gəncəli futbolçulardan kimlərsə güclü olacaqsa, məhz güclü olduğu üçün oynayacaq. Amma digər bölgələrimizdən olan güclü futbolçularla anlaşsaq, onlar da “Kəpəz”də forma geyinəcək.
- Amma fakt odur ki, bu söhbəti ortaya atanlar bu gün zərbə altında sizi qoyub...
- (gülür) Bəli, elədi. Amma mən bura gələndə bu məsələdən tutmuş, heyət, büdcəyə kimi hər şey göz önünə alıb gəlmişəm. İnşallah ki, heç bir uğursuzluq olmaz. Olsa, o zaman bunun da məsuliyyətini öz üzərimə götürəcəm.
- Tərlan Əhmədovla münasibətiniz necədi? “Kəpəz”ə gələndə onunla hansısa danışığınız olubmu?
- Məndən bir dəfə də bu haqda soruşdular ki, halallıq almısınız, ya yox? Bilirsiz, Tərlan Əhmədov istefa verib gedib, mən də onun yerinə gəlmişəm. Yəni mən kiminsə işini yarımçıq yarıda qoymamışam axı halallıq da istəyim. Mənim Tərlan müəllimlə yolum ancaq milli komandada kəsişib. Klub səviyyəsində bir yerdə oynamamışıq. Bununla belə, münasibətimiz hər zaman səmimi olub. Bu yaxınlarda Gəncədə Ceyhun Tarverdiyevin 50 illik yubileyi idi, Tərlan müəllim də gəlmişdi. Orda da səmimi görüşdüm, hal-əhval tutdum.
Anar XANLAROV